Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov" klubunun heyətində Rusiya Premyer Liqasında ilk oyununa çıxıb.
"Report"un məlumatına görə, 22 yaşlı hücumçu IV turda Moskva "Lokomotiv"inə qarşı ev oyununda forma geyinib.
O, 82-ci dəqiqədə Vladimir Poluyaxtovun əvəzinə meydana daxil olub. "Samara Arena"dakı görüş "Lokomotiv"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 37-ci dəqiqədə Qjeqoj Krıxovyak vurub. 78-ci dəqiqədə Vladislav İqnatyev qırmızı vərəqə alıb. Lakin "Krılya Sovetov" say üstünlüyündən yararlana bilməyib.
Bu qələbədən sonra xallarını 5-ə çatdıran "Lokomotiv" 8-ci pilləyə yüksəlib. 4 xala malik "Krılya Sovetov" isə 12-cidir.