Rahid Əmirquliyev: "Milliyə çağrılacağıma həmişə ümidim var"

Rahid Əmirquliyev: "Milliyə çağrılacağıma həmişə ümidim var" “Milliyə çağrılacağıma həmişə ümidim var. Hər zaman yığmada oynamaq istəmişəm. Amma qərarı baş məşqçi verir”.
Futbol
28 Avqust , 2019 15:44
Rahid Əmirquliyev: Milliyə çağrılacağıma həmişə ümidim var

“Milliyə çağrılacağıma həmişə ümidim var. Hər zaman yığmada oynamaq istəmişəm. Amma qərarı baş məşqçi verir”.

Bunu “Report”a “Səbail”in kapitanı Rahid Əmirquliyev Azərbaycan millisinin Uels və Bakıda Xorvatiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarına çağırılmamasına münasibət bildirərkən deyib.

Sonuncu dəfə ötən il noyabrın 17-də yığmanın Bakıda Farer adalarını Millətlər Liqasının qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi görüşdə heyətdə yer alan 30 yaşlı yarımmüdafiəçi yeni dəvət gözlədiyini bildirib: “Çalışıram ki, klubumda daim oynayım, formada olum. Çağırsalar, can-başla hazıram. Bu, baş məşqçinin qərarıdır. Millidə gəncləşdirmə prosesi aparır, digər oyunçuları yoxlayır, baxır. Ancaq yenə də ümidim var”.

Milli seçmə mərhələyə ardıcıl 3 məğlubiyyətlə başlayıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiyaya (1:2), evdə isə Macarıstan (1:3) və Slovakiyaya (1:5) uduzub. Əmirquliyev yığmanın çətin qrupa düşdüyünü və rəqiblərin güclü oynadıqlarını vurğulayıb: “Xorvatiya ilə səfər matçında pis çıxış etmədilər. Ancaq son 2 məğlubiyyətlə nəticələnən görüşlərdə yığma çox zəif təsir bağışladı. Bunun nədən irəli gəldiyini bilmirəm. Sanki həvəssiz idilər. Kənardan elə görünürdü”.

Qeyd edək ki, Azərbaycan yığması Uelslə sentyabrın 6-da Kardiffdə, Xorvatiya ilə sentyabrın 9-da Bakıda üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi