Qurban Qurbanov: "Məsuliyyəti üstümüzə atdılar, mənim də adımı hallandırdılar"

Qurban Qurbanov: "Məsuliyyəti üstümüzə atdılar, mənim də adımı hallandırdılar" "Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik".
Futbol
22 Avqust , 2021 23:01
Qurban Qurbanov: Məsuliyyəti üstümüzə atdılar, mənim də adımı hallandırdılar

"Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə proqramda oyunlara hazırlaşmaq asan deyil: "Birinin zədəsi olur, biri yorulur və s. Amma düşünürəm ki, qarşıda tam formalarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram".

Qurbanov əsas heyətdə meydana çıxan və dubl edən oğlu Musa Qurbanlının çıxışına da toxunub: "Fərqi yoxdur, oğlumdur, ya digəridir, hər bir oyunçunun işgüzarlığından çox şey asılıdır. İstəyərəm ki, hamısı 90 dəqiqə tempi qoruya bilsin. Hər şey özündən asılıdır. Üzərində çox çalışmalıdır. Bu qollar bizi aldatmamalıdır. Bacarığını qoruyub saxlamaq üçün daha artığını etməlidir".

Baş məşqçi zədələnən futbolçuların durumundan da danışıb: "Kevin Medinanın durumuna bu gün və ya sabah aydınlıq gələcək. Əzələsində problem olduğu göründü. Riçard Almeydada yorğunluqdan irəli gələn problem idi. Çoxdandır oynamır. Oyun tonusundan uzaq idi, yoğrunluq hiss olundu".

Qurbanov ötən il əvəzetmə sayının artırılması ilə bağlı klublara müraciət gəldiyini söyləyib: "İstədik ki, minimum 4 əvəzetmə olsun. Ola bilər ki, hər komanda üçün uyğun olmazdı. Bir həftə, 10 gün əvvəl menecerimizə bildirdim ki, federasiyaya müraciət etsin, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları artırlar. Buna ehtiyac var. Özüm də görürəm. Futbolda mübarizə çoxalıb, sürət artıb. Həm Avropa Liqası, həm çempionat, həm kubok, həm milli komanda oyunları var. 3 gündən bir meydana çıxmalı olursan. Keçən il bunun əziyyətini çox çəkdik. Bir neçə oyunçumuz millidən zədəli qayıtdı, bəziləri avrokubokda zədələndi. Hər oyunçunun dözmək qabiliyyəti eyni deyil. Çox istərdim ki, əvəzetmə sayı artırılsın. Bu, həm oyunçuları qorumaq, həm də gənc futbolçuların daha çox şans qazanması baxımından əhəmiyyətlidir. Müsbət cəhətləri çoxdur. Klublar Komitəsinin yığışmasını gözləyirik. Yəqin ki, fasilə müddətində iclas olacaq".

Şotlandiya "Aberdin"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyunu barədə də fikirlərini bölüşən mütəxəssis belə matçlarla bağlı heç vaxt narahatlıq olmadığını vurğulayıb: "Sadəcə, bu cür matçlardan öncə futbolçularımın sağlam olmasını istəmişəm. Bəzən dəyişikliklər etmək lazm olur. Narahatlığım bircə futbolçularımın sağlam olmaması və ya cəzalı duruma düşməsidir. Oyun planı baxımından problem yoxdur. Əksinə, belə matçları həmişə istəmişəm ki, futbolçular o məsuliyyəti hiss etsinlər".

Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı məsələyə də aydınlıq gətirib: "Son vaxtlar bu mövzu çox müzakirə olundu. Sanki bir az bizim üzərimizə də atdılar. Mənim də adımı hallandırdılar. Bir şeyi bilməlidilər ki, həmin işçilər "Azersun Arena"ya da baxırlar. Problem varsa, hamı bunu qəbul etməlidir. Öz komandamda çatışmazlıq görürəmsə, niyə də məsuliyyəti üzərimə götürməməli və düzəltməyə çalışmamalıyam? Fikrimi buna çox yönəltmək istəmirəm. İnşallah, qarşımızdakı səddi keçək, digər problem barədə düşnməyə vaxtımız olacaq".

Baş məşqçi yeni transfer İbrahima Vadjinin oyununu da dəyərləndirib: "İnanıram ki, performansında problem olmayacaq. Gəldiyi ölkədə çempionat davam edirdi. Hiss etdiyim odur ki, komandaya uyğunlaşmasında problem olamayacaq".

Son xəbərlər

Orphus sistemi