Qurban Qurbanov: "Sevilya"nın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir"

Qurban Qurbanov: "Sevilya"nın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir" Belə bir komandanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın bu cür komandaya qarşı canlı oyun izləmirdilər.
Futbol
18 Sentyabr , 2019 16:09
Qurban Qurbanov: Sevilyanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov / Report / Firi Salim

"Belə bir komandanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın bu cür komandaya qarşı canlı oyun izləmirdilər". 

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, rəqibin ad-sanına baxmayaraq, Ağdam təmsilçisi öz futbolunu oynamağa çalışacaq. O, "Sevilya"nın Çempionlar Liqasında oynamağa layiq olduğunu söyləyib: "Sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq. Öz meydanımızda oynayırıq. Düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik. Rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Qurbanov zədəli Mahir Emrelinin durumu barədə də danışıb: "Onun vəziyyəti yaxşı deyil. Oyunu buraxacaq. Miçeldən "Sevilya" ilə bağlı məlumat almamışam. Buna ehtiyac da yoxdur. Rəqibi kifayət qədər yaxşı tanıyırıq".

Təcrübəli məşqçi "Sevilya"ya rəhbərlik edən Xulen Lopetegi barədə də fikirləri bölüşüb: "Onunla xüsusi tanışlığım yoxdur. "Real Madrid"də və İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl İspaniya futbolunu tələb edən mütəxəssisdir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqadır. "Sevilya"nın heyəti barədə danışmağa dəyməz. Hamısının adını çəkmək olar. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlər oyunumuzdan razı qalsın. Açıqlamalarından məlumdur ki, matça ciddi hazırlaşırlar. Ola bilər ki, "Atletiko"ya qarşı aldığımız nəticələr onları buna vadar edir. İnanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin və ciddi hazırlaşmasın. Rəqib də sabah ciddi olacağını düşünürəm".

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi