Qurban Qurbanov: "Rəqiblər fiziki olaraq bizdən daha hazırlıqlı idi"

Qurban Qurbanov: "Rəqiblər fiziki olaraq bizdən daha hazırlıqlı idi" "Bu, futbolçuların yüklənməsinin sonuncu günü idi".
Futbol
552
22 Yanvar , 2022 09:05
Qurban Qurbanov: Rəqiblər fiziki olaraq bizdən daha hazırlıqlı idi
Qurban Qurbanov

"Bu, futbolçuların yüklənməsinin sonuncu günü idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Serbiya "Baçka Topola"sına 0:1, Polşa "Şlyonsk"inə 2:3 hesabı ilə uduzduqları yoxlama oyunlarından sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis futbolçuların əvvəlki günlərdə çox yükləndiklərini bildirib: "Yaxşı rəqiblərə qarşı oynadıq. Hər iki matçda hiss olunurdu ki, rəqiblər fiziki olaraq bizdən daha hazırlıqlıdır. Oyunçular iki görüşdə 90 dəqiqə dinamik futbol oynadılar. Rəqiblər bizi buna məcbur etdi. Razı qaldığım məqam bəzi futbolçuların 90 dəqiqə meydanda olması idi. Oyunda sürət də yüksək oldu. Qarşılaşmadan sonra fiziki göstəricilərə baxdıq, bəzilərində maksimal sürət çox yuxarı idi. Buna dözdülər. Mən də bundan razı qaldım. Futbolçular qarşıdakı iki gündə yaxşı istirahət edəcəklər və bərpa məşqləri olacaq. Son yoxlama görüşümüzdə daha yaxşı formada olacağımıza inanıram".

Qurbanov komandanın ümumi hazırlığına hər iki yoldaşlıq oyunundan sonra qiymət verdiyini və razı qaldığını sözlərinə əlavə edib: "Ola bilsin ki, son 15-20 dəqiqədə yorğunluq hiss olunsun. Amma buna baxmayaraq, lazım olan epizodlarda sürəti qaldıra bilirdilər. Çətin idi. Ancaq hər halda bu, normaldır. Əvvəlki günlərdə çox yüklənmişdik. Hazırlığımız düşündüyümüz plan üzrə gedir".

Baş məşqçi yeni transferlərin uyğunlaşma prosesinin pis getmədiyini diqqətə çatdırıb: "Amma hazırlıqları əvvəldən burada olan futbolçulardan bir qədər aşağıdır. Çünki gec qoşulublar, daha çox məşqsiz qalıblar. Ona görə də bir az ehtiyatlanırıq. Öz optimal formalarına burada olan futbolçularımızla müqayisədə daha gec çatacaqlar. Hər halda istəkli olmalarından razıyam və inanıram ki, daha tez optimal formalarına qayıdacaqlar".

Yoxlama matçlarında gənc futbolçulara da şans verən mütəxəssis həmin oyunçuların çempionatda da meydana çıxa biləcəyini söyləyib: "Kimlərsə daim əsas heyətdə olacaq deyə bir şey yoxdur. Hər oyunçunun yükləmələrə necə dözə bildiyini görmək üçün iki oyun keçirdik. Qarşıda yenə bir gündə iki matçımız var. Heyətdə bəzi rotasiyalar olacaq. Hansı oyunçu daha hazırlıqlıdısa, tapşırıqlara daha düzgün, diqqətli əməl edirsə, o da şans qazanacaq. Hər futbolçumdan razıyam".

Qurbanov son olaraq Rüstəm Əhmədzadənin "Baçka Topola" ilə matçda sağ cinahda oynamasına da münasibət bildirib: "Rüstəm Ukraynada daha çox sağ cinahda oynayırdı. Mən xoşlayıram ki, sağda solaxay oyunçu olsun. Amma bəzi rəqiblərə qarşı fərqli sistemdən istifadə edə bilərik. Rüstəm çox sürətli futbolçudur. "Baçka Topola" ilə oyunda da bundan yaxşı istifadə etdi. Rüstəmi sağda, hücumun mərkəzində yoxlamaq istəyirik. Çalışacağam ki, qarşıdakı aylarda onun tam potensialını ortaya çıxarmaq üçün bəzi mövqe dəyişiklikləri edək. Rüstəm Əhmədzadə gələcəyə ümid verən futbolçudur".

Son xəbərlər

Orphus sistemi