Qurban Qurbanov: "Mövsümün sonunda Mahir Emreliyə təklifimiz olacaq"

Qurban Qurbanov: "Mövsümün sonunda Mahir Emreliyə təklifimiz olacaq" "O, mayda azad agent olacaq"
Futbol
4 May , 2021 20:17
Qurban Qurbanov: Mövsümün sonunda Mahir Emreliyə təklifimiz olacaq
Qurban Qurbanov

"Deyiləcək çox söz yoxdur. Son neçə oyundur ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan çox razıyam. Oyunçular qrafikə görə də əziyyət çəkirlər. Futbolçularımı göstərdikləri oyuna görə təbrik edirəm, Rəşad Sadıqova uğurlar arzulayıram".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Mahir Emrelinin komandadakı taleyi və transfer xəbərləri haqqında danışıb: "Klub tərəfindən açıqlama verilib. O, mayda azad agent olacaq. Kluba təklif gəlməsinə ehtiyac da yoxdur. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifləri var. Bu gün də Mahirlə söhbətimiz oldu. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək. Ola bilər mənimlə də danışsın. Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da ona təklifi olmuşdu. Özünün də istəyi Avropaya çıxmaqdır. Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu yaxşı komandaya getsin və oynasın. Mövsümün sonunda biz təklifimizi yenə edəcəyik. Razılaşsa qalacaq, razılaşmasa, yolu açıq olsun".

Qurbanov qeydə alınmayan qol epizodu barədə bunları söyləyib: "Hakimlər qərarları düzgün verirlər. Hansısa fikir bildirmək düzgün olmaz. Biz fikir bildirəndə onlara etirazlar daha çox olur. Sadəcə, Tural Bayramova verilən sarı vərəqəyə görə etiraz etdim".

Təcrübəli baş məşqçi deyib ki, hansısa komanda bütün çempionat boyu eyni tempdə çıxış edə bilmir: "Bu il bizim üçün çətin dövr olub. Çox futbolçumuz zədələnib. Avrokuboklarda və millinin oyunlarında problemlər oldu. Həddindən artıq çox düşünmədiyimiz zədələr yarandı. Amma ayaqüstə durmağa çalışacağıq. Gənclərə də şans veririk. Belə çox oyuna çıxmaq onlara təkandır. Ola bilər bu il nəsə itirək. Amma cavanlar Azərbaycan futboluna fayda verəcək".

Mütəxəssis çempionluq şanslarından da bəhs edib: "Məndə hansısa hegemonluq düşüncəsi olmayıb. Həmişə işimə məsuliyyətlə yanaşmışam. İnsan il boyu sağlam ola bilməz. Sənin naxoş olduğun vaxt da olacaq. Futbol da elədir ki, illər boyu dediyimiz hegemonluğu saxlamaq olmur. İngiltərədə "Lester"in çempion olduğu dönəmi xatırlayaq. Bəzi güclü klubların yanında qızıl medal qazandılar. Biz hər turnirə maksimum məsuliyyətlə çıxırıq. Komandanı bizə həvalə ediblərsə, əlimizdə 9-10 futbolçu qalsa da, sonadək mübarizə aparacağıq".

Qurbanov Emil Balayevin Şahruddin Məhəmmədəliyevdən zəif qapıçı olmadığını diqqətə çatdırıb: "Hər dəfə dəyişiklik etmək uğurlu olmur. Balayevə də ümidimiz böyükdür. Komandaya tam uyğunlaşıb".

Baş məşqçi "çempion olacağınız təqdirdə kuboku Qarabağa aparmağı düşünürsünüzmü" sualına belə cavab verib: "Hər uğurumuzu orada qeyd etməyə hazıram. Sadəcə, ora getmək hazırda çox asan deyil və işlər gedir. Bütün torpaqlar tam bərpa olunandan sonra komanda olaraq ora gedərik və qələbələri qeyd edərik".

Son xəbərlər

Orphus sistemi