​Qurban Qurbanov: "Futbolçu transferində heç bir oyunçu ilə məsləhətləşmirik"

​Qurban Qurbanov: "Futbolçu transferində heç bir oyunçu ilə məsləhətləşmirik" "Avropada mənsiz də keçinə bilərlər"
Futbol
8 May , 2015 11:25
​Qurban Qurbanov: Futbolçu transferində heç bir oyunçu ilə məsləhətləşmirik

Bakı. 8 may. REPORT.AZ/ "Çempionatın sonuna yaxınlaşdıqca həyəcan artır. Bəzən futbolçularda istər-istəməz tələskənlik, psixoloji gərginlik olur. Amma ən azından bir illik də olsa, futbolçularımızın çempionluq təcrübələri var". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının XXXIII turunda "Xəzər Lənkəran"la keçiriləcək qarşılaşma haqqında danışan yerli mütəxəssis səfərin çətin olacağını deyib. Onun sözlərinə görə, "Qarabağ" Lənkəranda istəkli komandaya qarşı mübarizə aparacaq: "Dəfələrlə demişəm ki, oradakı stadionda oynamaq həmişə ağır olur. İstəkli bir komandaya qarşı oynayacağıq. Rəqib gənclərə daha çox üstünlük verir, özlərini yaxşı tərəfdən göstərmək istəyirlər. Ola bilsin, bəzi zəif rəqiblərə qarşı özlərini kökləyə bilmirlər. Ancaq liderlərlə oyunlarda ciddi müqavimət göstərirlər. O cümlədən, bizi də ağır oyun gözləyir. Buna baxmayaraq, oyuna ciddi hazırlaşmışıq. Hardasa bir-iki çatışmazlığımız var. Cavid Tağıyevin oynayıb-oynamayacağı sual altındadır. Reynaldo ilə bağlı da problemimiz var. O, məşqlərə iki gündür qoşulub. Düşünürəm ki, hər bir futbolçu özünü bu oyuna hazırlayır, bu matçın mahiyyətini bilir. Vacib görüşdür. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq ki, əla nəticə əldə edək".

Hazırda yeni transfer haqda düşünmədiklərini deyən 43 yaşlı baş məşqçi bəzi futbolçuların oyunlarını izlədiklərini söyləyib. O, bildirib ki, yerli futbolçulara da üstünlük verməyə çalışırlar: "Ancaq əfsuslar olsun ki, yerli futbolçu əldə etmək çətindir. Dəfələrlə olub ki, hansısa perspektivli yerli futbolçunu götürmüşük, ancaq özünü o qədər də doğrulda bilməyib. Bu, normaldır, başadüşüləndir. Çünki futbolçular özlərini bu yox, başqa klubda doğrulda bilər. Çalışırıq ki, imkan düşdükcə yerli futbolçulara üstünlük verək. Biz dəvət edəcəyik. Onların oynayıb özlərini yaxşı tərəfdən göstərmələri elə öz əllərində olacaq. Hər bir futbolçunun yaxşı çıxış etməsi özüzndən asılı olur. Biz, sadəcə düzgün yol göstərə, yaxşı şərait yarada bilərik".

Q.Qurbanov futbolçu transferində komandanın heç bir oyunçusu ilə məsləhətləşmədiyini də deyib. Onun sözlərinə görə, komanda üzvlərindən hansısa birinin diqqət mərkəzindəki oyunçularla yaxınlığının olduğunu bildikləri təqdirdə yeni transfer etmək istədikləri oyunçunun xarakteri ilə maraqlanır, yaşayış tərzini öyrənirlər: "Oyununa özümüz qiymət veririk. Yoxsa futbolçularımızla məsləhətləşmirik. Xeyli futbolçu təqdim olunub. Sadəcə, müqaviləsi olanlar da, anlaşma müddətləri bitənlər də var. Müqaviləsi olan futbolçuların klubları ilə danışıqlar aparmaq bir qədər çətin keçir".

Q.Qurbanov yeni mövsümdən Premyer Liqada daha az komandanın çıxış etməsi məsələsinə də münasibət bildirib: "Qəbələ"nin sonunun necə olacağı bilinmir. Ancaq düşünmürəm ki, klubların belə asan dağılmasına imkan versinlər. Ölkə başçısı tərəfindən proqram hazırlanacaq. İnanıram ki, Avropa oyunlarından sonra futbola maraq daha da çoxalacaq. Gələn il qalan 10 komanda heç də zəif olmayacaq".

Qurban Qurbanov mövsüm başa çatdıqdan sonra yenə Azərbaycanda işləmək istədiyini deyib: "Ölkəmə fayda verməyim daha yaxşıdır, Avropada mənsiz də keçinə bilərlər".

Son xəbərlər

Orphus sistemi