Qurban Qurbanov: "Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib" - MÜSAHİBƏ "Rəqiblər bizə qarşı daha ciddi yanaşır və ciddi hazırlaşır"
Futbol
4 Noyabr , 2016 03:10
Qurban Qurbanov: Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib - MÜSAHİBƏ

Yunanıstan, Saloniki. 4 noyabr. REPORT.AZ/ "İlk olaraq "Qarabağ" camiəsini təbrik edirəm. Çətin oyun oldu. Asan qələbə olduğunu deməzdim. Gərgin matç keçdi. Bu cür mühitdə yaxşı çıxış etdilər, soyuqqanlı oldular və düşündüyümüz oyunu qurdular. Fikrimcə, çox yaxşı komandaya qalib gələrək qrupdan çıxmaq şanslarımızı yaxşılaşdırdıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Yunanıstanda PAOK-la keçirilmiş Avropa Liqasının IV turunun oyunundan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Oyunun dönüş nöqtəsi Miçelin meydana çıxması oldu. Həmin ana qədər olan vəziyyəti izah edərdiniz...

- Bəzən əvəzetmələr uğurlu alınır. Belə hallar çox olur. Oyunun gedişatında hansısa dəyişikliyin olmasına ehtiyac duyursan. Rahid Əmirquliyev çox iş gördü. Rəqibin sol cinahı çox güclü idi. Həmin ərazidə Maksim, Rahid, Dani və Qara çox düzgün oynadı və bir-birini tamamladı. Neçə gündür bunun üzərində çalışırdıq. Hiss etdik ki, topla daha tez davranmağa ehtiyac var. Miçel bizim təcrübəli oyunçularımızdan biridir. Qol vurmasa da, tapşırığı yerinə yetirməyə çalışır. Hər bir oyunçudan razı qaldım.

Qələbədən sonra "Qarabağ"ın mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?

- Hər bir uğurlu oyundan sonra məsuliyyət daha da artır. Digər rəqiblər bizə qarşı daha ciddi yanaşır və ciddi hazırlaşır. Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib. Qarşıda həm "Slovan", həm də "Fiorentina"ya qarşı oyunumuz var. PAOK-un şansı da yaxşıdır. Çünki onlar evdə "Slovan"la, biz isə "Fiorentina" ilə oynayırıq. Şansları 50/50-yə dəyərləndirirəm.

PAOK-un "Qarabağ"a yaşatdığı ən çətin anlar hansı idi?

- Çətinlik həm Bakıda, həm də burada oldu. Ən əsas sağ və sol cinah müdafiəçiləri hücuma sürətlə çıxırdı. Bəzi anlarda meydanın mərkəzini boş buraxırdıq və bu da bizə çətinlik yaradırdı. Bir də PAOK standart vəziyyətlərdən, küncdən zərbələrdən təhlükəlidir. Rəqibin bu oyununu çox izləmişdik və küncdən zərbələrin təhlükəli olduğunu bilirdik. Həm Bakıda, həm də buradakı oyun ağır oldu.

"Qarabağ" "Viktoriya" ilə oyundan sonra çox dəyişib. Bu fikirlə razısınız?

- Daha uğurlu nəticə əldə etmək üçün həmişə dəyişiklik olmalıdır və öz üzərimizdə işləməliyik. Mən "Viktoriya" ilə oyundan razı qalmışdım. Baxmayaraq ki, həmin oyunun sonunda qol buraxdıq və Çempionlar Liqasına gedə bilmədik. Həmin vaxt komandalar pik formada olmur. Amma zamanla hər kəs öz oyununu göstərir. Bundan sonra da dəyişiklik edib, ən azından bu çıxışı saxlamaq lazımdır.

PAOK-un zəif tərəfi hansı idi ki, onlardan istifadə etdiniz?

- Hər bir rəqibə hörmətlə yanaşırıq və bu səbəbdən zəif tərəfini söyləyə bilmərəm. Bir neçə üstün cəhətləri vardı və bunun qarşısını ala bilmərik. Bu komanda haqda yalnız xoş sözlər deyə bilərəm.

Son xəbərlər

Orphus sistemi