Qurban Qurbanov: "Azarkeşlərimiz rəqibin cavabını verməyi düşünür"

Qurban Qurbanov: "Azarkeşlərimiz rəqibin cavabını verməyi düşünür" "Çox vacib oyun olacaq. Hər iki komandanın bir düşüncəsi var ki, iki matçın qalibi olsun. Rəqibin gücünü səfərdə də gördük. Topla davranmağı xoşlayan və hücuma sürətli çıxan komandadır. Heyətlərində 11 legioner var. Buna baxmayaraq, doğma meydanımızda, az
Futbol
747
11 Avqust , 2021 18:12
Qurban Qurbanov: Azarkeşlərimiz rəqibin cavabını verməyi düşünür
Qurban Qurbanov

"Çox vacib oyun olacaq. Hər iki komandanın bir düşüncəsi var ki, iki matçın qalibi olsun. Rəqibin gücünü səfərdə də gördük. Topla davranmağı xoşlayan və hücuma sürətli çıxan komandadır. Heyətlərində 11 legioner var. Buna baxmayaraq, doğma meydanımızda, azarkeşlərimiz önündə oynayacağıq. Bu üstünlüyümüz var. Amma həddindən artıq diqqətli olmalıyıq. AEL-ə boşluq versən, istənilən rəqibi cəzalandıra bilər. Bu üzdən sabah oyunboyu konsentrasiya həddən artıq vacib olacaq. İnanıram ki, oyunçularım sabah meydanda özlərini əsl döyüşkən, peşəkar, təcrübəli futbolçu kimi aparacaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Kipr AEL-inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Səfərdəki matçda xoşagəlməz halların olduğunu xatırladan 49 yaşlı mütəxəssis bunun hər kəsə təsir etdiyini bildirib: "Amma mən həmin görüşdən sonra da demişdim ki, idman prinsiplərindən kənara çıxmalı deyilik. Yazılanlara baxıram, aqressiv azarkeşlərimiz var, onların cavabını verməyi düşünürlər. Bu, ümumilikdə yaxşı haldır. Futbolçuların və məşqçilərin bütün diqqəti yaşıl meydanda olmalıdır. Orada səhv etməyək. Biz azərbaycanlılar olaraq çox yerdə davranışımızla fərqlənmişik. Avrokuboklarda bizə qarşı haqsızlıqlar olub, böyük səhvlərə görə böyük uğurları əldən vermişik. Bəzən hirslənmişik. Amma yenə də mədəniyyətimizi qoruyub saxlamışıq. Sabah da hamımızın fikri oyunda olmalıdır. Digər xoşagəlməz halları yaşadan azarkeşlərdir. Kiprdəki də təxribat xarakterli hərəkətlər idi. Biz böyük azarkeş ordusuna malik komandayıq. Bunu da hər zaman görmüşük. İnşallah, bizə yaxşı dəstək olacaq və birlikdə yaxşı nəticə əldə edəcəyik".

Qurbanov fanatların onun hansısa tövsiyyəsinə ehtiyacı olmadığını söyləyib: "Bu, ağıl vermiş kimi olar, pis çıxar. Azarkeşlərdən bəziləri oyundan, bəziləri çəkişmələrdən, bəziləri öz aralarındakı "atışma"lardan həzz alırlar. Dünya futbolunda bunlar adi hallardır. Bizim işimiz meydandadır, təzyiqə futbolçular hazır olmalıdırlar. İnanıram ki, sabah hamılıqla bir daha öz mədəniyyətimizi göstərəcəyik. Öz missiyamızı düzgün yerinə yetirməliyik. Komanda olaraq istəyimiz həmişə azarkeşlərimizi sevindirməkdir".

Baş məşqçi AEL-dəki həmkarı Duşan Kerkezin həmin vaxt özünü çox centlmen kimi apardığını vurğulayıb: "Mənə, futbolçulara yaxınlaşdı. Oyunun əvvəlindən mənə qarşı hörmətlə yanaşırdı. Aramızda futbolla, əvvəlki illərlə bağlı söhbət də oldu. Komandamızı çox bəyəndiyini dedi. Məşqçi korpusu tərəfindən hörmətsizlik yox, çox yaxşı münasibət gördüm. Mənim üçün xoş oldu. Bəlkə rəhbərliklə hansısa danışıqları olub. O detallara girmədim".

Qurbanovun sözlərinə görə, nəticəni azarkeş təxribatına görə düşünsələr, yanlış addım atmış olarlar: "Ən çox qorxduğum budur. Bizə iki oyunun qalibi olmaq lazımdır. Futbolçulardan həmişə tələb etmişəm ki, qapımızda qol görməyək və maksimum qol vuraq. Bu, bəzən istədiyin kimi alınmır. Təxribata görə, rəqibə çox qol vurmağı düşünürüksə, deməli, rəqibi tanımırıq, yaxşı təhlil etməmişik. Futbolçularla söhbətlərim olub ki, bütün fikrimiz oyunda olmalı, meydandan kənarı eşitməməliyik. Futbol son vaxtlar çox dəyişib. Bəzi prinsiplərə doğru getməli deyilik. İdman prinsiplərini, oyunumuzu yaxşılaşdırmalı, problemlərimizi aradan qaldırmaq barədə düşünməliyik. Bu yöndə də işlər gedir".

Təcrübəli mütəxəssis qonaq komandanın Bakıda hər hansı təxribata əl atacağına inanmadığını deyib: "Amma AEL aqressiv komandadır. Yunanıstan, Kipr təmsilçiləri həmişə belə olublar. Bəzi oyunçuları daha aqressiv ola bilərlər. İlk hissədən sonra tam təxribat yox idi, amma davranışlardan hiss edirdik. Onların heyətində bizim düşündüyümüz yerli futbolçu yox idi. Hamısı legioner idi və onlardan yalnız nəticə tələb olunur. Komandanın təxribata gedəcəyinə inanmıram. Duşan Kerkezi yaxşı tanıdım, onun təxribata imkan verəcəyini düşünmürəm".

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi