Bakı. 1 dekabr. REPORT.AZ/ 2014-cü ilin yekunlarına əsasən, FİFA-nın "Qızıl top" mükafatına namizədlərin yekun "üçlüy"ü müəyyənləşib. "Report"un xəbərinə görə, bu barədə "R-Sport"a Təşkilat Komitəsindəki mənbə məlumat verib.
Həmin futbolçular İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi, "Real Madrid" komandasının forvardı Kriştianu Ronaldu və Almaniya "Bavariya"sının qapıçısı Manuel Noyerdir. Onlardan Messi "Qızıl top"un 4 qat, Ronaldu isə 2 qat qalibidir. Qapıçılar arasında indiyədək yeganə "Qızıl top" isə keçmiş SSRİ yığmasının qolkiperi Lev Yaşinə məxsusdur. Yaşin 1963-cü ildə təltif olunub.
Qeyd edək ki, ilin oyunçusu 2015-ci il yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.