Bakı. 4 iyul. REPORT.AZ/ Futbol üzrə Qətər milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un Qətər Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Feliks Sançesdir.
41 yaşlı mütəxəssislə müqavilə şərtləri açıqlanmır. O, əvvəllər Qətərin yeniyetmə və gənclərdən ibarət yığmalarına rəhbərlik edib. İspaniyalı baş məşqçi yeni vəzifədə uruqvaylı Xorxe Fossatini əvəzləyib. Fossati iyunun 14-də uğursuz nəticələrlə əlaqədar istefaya göndərilib.
Qeyd edək ki, Qətər millisi 2018-ci il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində 8 oyundan 7 xalla A qrupunda 5-ci pillədə yer alıb. Bu komanda Rusiyada təşkil olunacaq mundiala vəsiqə şanslarını itirib. Qətər martın 9-da Azərbaycan yığması ilə keçirdiyi yoldaşlıq görüşündə 1:2 hesabı ilə uduzub.