"Qəbələ"nin vitse-prezidenti "Qarabağ"la ev oyununun Bakıda keçirilmə variantına münasibət bildirib

"Qəbələ"nin vitse-prezidenti "Qarabağ"la ev oyununun Bakıda keçirilmə variantına münasibət bildirib Bizə müraciət daxil olsa, bu məsələni müzakirə edərik"
Futbol
30 Aprel , 2018 13:04
Qəbələnin vitse-prezidenti Qarabağla ev oyununun Bakıda keçirilmə variantına münasibət bildirib

Bakı. 30 aprel. REPORT.AZ/ "Çempionatda "Qarabağ"la son ev oyunumuzun Bakıda keçirilməsi ilə bağlı Peşəkar Futbol Liqasından bizə rəsmi müraciət daxil olmayıb".

Bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qarabağ"la keçirəcəkləri oyunun Bakıda təşkilinin mümkünlüyünə dair xəbərlərə münasibət bildirərkən deyib. F.Nəcəfov bu varianta hələlik razılıq vermədiklərini sözlərinə əlavə edib: "Məsələyə PFL-in bizə müraciətindən sonra aydınlıq gələcək. Belə qərarları tək mən yox, klub prezidenti Tale Heydərov verir. Eyni zamanda komandamızın baş məşqçisi Roman Qriqorçukun da fikri önəmlidir. Bizə müraciət daxil olsa, bu məsələni müzakirə edərik".

"Qəbələ" rəsmisi bu məsələnin hələ klub daxilində müzakirə olunmadığını da diqqətə çatdırıb: "Son oyunun əhəmiyyətindən çox şey asılıdır. Çempionatda həmin vaxta kimi hər şey həll olunarsa, kimin neçənci yer tutacağı tam müəyyənləşərsə, o halda bu barədə danışmaq olar. İndiki halda isə yox".

Qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Report"a açıqlamasında Premyer Liqada son turun "Qəbələ" - "Qarabağ" matçının Bakıda keçirilməsinin mümkünlüyünü dilə gətirib. O, səbəb kimi "Qarabağ"a çempionluq kubokunu digər medalçılarla birgə təqdim etmək istəmələrini göstərib. 

Son xəbərlər

Orphus sistemi