Bakı. 9 iyun. REPORT.AZ/. “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun "Report"a müsahibəsi
- Sabahdan “Qəbələ” yeni mövsümün hazırlıqlarına start verəcək. Komandada transfer çalışmaları ilə bağlı son vəziyyət nə yerdədir?
- Gürcüstan millisinin üzvü Nika Kvekveskiri ilə razılıq əldə etmişik. Ondan başqa, daha 2 oyunçu ilə danışıqlar yekunlaşır. Müsbət nəticə əldə edəcəyimizi söyləmək mümkündür. 1-2 günə müqavilə üçün Bakıya gələcəklər. Komandamız təlim-məşq prosesinə Bakıda başlayacaq. Sonra 10 gün Gürcüstanda hazırlıq keçəcəyik. Orada yoldaşlıq oyunları da nəzərdə tutulub.
- Aleksey Antonov və Sergey Zenyovun komandadan ayrılacaqlarını əminliklə söyləmək mümkündürmü?
- Hər iki futbolçu ilə 1 illik müqaviləmiz var. Hazırda özlərinə komanda axtarırlar. Tapmayacaqları halda, onlardan hansısa yolla razılaşmağa məcburuq. Mümkündür ki, 2 futbolçudan biri komandaya qayıtsın. Onlardan başqa heç bir futbolçu “Qəbələ”dən getməyəcək.
- Roman Qriqorçukun köməkçilərinin taleyi necə olacaq?
- Onlar hələ ötən mövsümün sonunda komandadan ayrılmaq ehtimallarının olduğunu söyləmişdilər. Hazırda hər iki məşqçinin yerinə əvəzləyici axtarırıq.
- Yeni məşqçilər əcnəbi olacaq, yoxsa yerli?
- Hazırda məşqçilər korpusunda 2 yerli məşqçi var. Ola bilər ki, qapıçılarla işləyən yeni məşqçi komandaya cəlb olunsun. Eləcə də əvəzedici heyətin baş məşqçisi Ramin Quliyevin əsas komandada çalışmaq ehtimalı var.
- Təlim-məşq toplanışı üçün Gürcüstanı seçməyinizdə maddi məsələlərin rolu var?
- Maddi vəziyyəti də nəzərə almışıq. Digər tərəfdən, viza məsələsi var. Əvvəldən heyətdən hansı oyunçuları cəlb edəcəyimizi bilmirdik. Viza məsələsində problem yaşamamaq üçün Gürcüstan variantını seçdik.
- Bu il Avroliqada “Qəbələ”nin hədəfi nə olacaq?
- Keçən il də Avroliqadan öncə demişdik ki, hədəfimiz bacardıqca irəli getməkdir. Bu da dəfə də hədəfimiz eynidir.
- Hazırkı “Qəbələ”nin gücü Avroliqanın qrupuna düşməyə imkan verir?
- Cəlb etmək istədiyimiz futbolçuların potensialı buna imkan verir. Bunun nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək.
- Əsasən legioner futbolçu transfer etməyiniz nədən irəli gəlir?
- Çünki güclü yerli futbolçuların hamısının klubları ilə müqavilələri var. Müqaviləsi olan futbolçunu komandaya necə götürək? Arif Daşdəmirovun bizimlə müqaviləsi başa çatdı. O “Qəbələ”də qalmaq istəmədi və “Qarabağ”a keçdi.
- Akademiyadan gənclərin əsas komandaya cəlb edilməsi mümkündür?
- Əvəzedicilərdən 8 oyunçunu əsas komandaya cəlb edəcəyik. İlk toplanışdan sonra onlardan 4-5-i komandada qalacaq. Həmin siyahıdan 2 oyunçu isə növbəti mövsüm əsas komandada çıxış edəcək.
- Yeni komanda ötənilki “Qəbələ”dən zəif olmayacaq?
- Keçən il Avroliqanın qrupuna düşdükdən sonra heyətə çox legioner cəlb etmək imkanımız odu. Bu il həmin imkanımız olmayacaq. Maddi baxımdan bu il vəziyyət fərqlidir.
- “Qəbələ”nin büdcəsinin azaldılmasında devalvasiya rol oynadı, yoxsa komandanın geridə qalan mövsümdə çempion olmaması?
- Çempion olsaydıq, münasibət bəlkə də başqa cür olardı. Amma fakt budur ki, komandanın büdcəsi müəyyən qədər azaldılıb.
- “Qəbələ” yenidən Avroliqanın qrupuna düşsə, büdcənin artırılması mümkündür?
- Dəqiq nəsə deyə bilmərəm. Bu suala daha dəqiq cavabı klub prezidentimiz Tale Heydərov cavab verə bilər. Mən ötən mövsümü uğurlu sayıram. 1 il ərzində qrupa düşdük, yenidən Avroliqada oynamaq hüququ qazandıq. Razıyam ki, çempionatda çıxışımız daha uğurlu ola bilərdi. Lakin bu nəticəni də uğur sayıram. Qarşıya baxmaq lazımdır. Birinci komandada daha əvvəl klubun 2 yetirməsi oynayırdı. Növbəti mövsüm üçün heyətə daha 5-6 nəfər də qatılacaq ki, bu məqam məni çox sevindirir.
- Ruslan Qurbanovun “Qəbələ”yə keçəcəyi haqda yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Ruslanın “Neftçi” ilə müqaviləsi var. Məndə olan məlumata görə, komandası onu buraxmır. Biz “Neftçi”yə təklif göndərməmişik, Ruslan Qurbanovla da danışıq aparmamışıq.
- Premyer Liqada 8 komandanın iştirakına münasibətiniz necədir?
- Mən istərdim 10, 12 komanda olsun. Amma son qərarı AFFA verəcək. 10 komanda olub, biabırçı meydançalarda oynamaqdansa, 8 komandalı çempionat daha yaxşıdır. Məni bəzi klubların şəraiti çox narahat edir. Çünki səfər oyununa gedəndə çox biabırçı hallarla üzləşirik. O vəziyyəti “Qəbələ” də keçib. Bizdə də ilk gündən hər şey yaxşı olmayıb. Çox istərdim ki, AFFA və PFL lisenziya verərkən bu məqama diqqət yetirsin.