Bakı. 27 iyun. REPORT.AZ/ Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu Polşa "Krakoviya"sı ilə yoxlama oyunu keçirəcək.
"Report"un Krakov şəhər təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun iyulun 4-də təşkil olunacaq. Polşalılar həmin tarixdə Rusiya "Yenisey"i ilə qarşılaşmalı idi. Lakin sonradan rəqib dəyişib.
Məlumatı "Report"a "Qəbələ"dən də təsdiqləyiblər. Klubdan bildirilib ki, "Krakoviya"nın təklifini qəbul edərkən, yoxlama oyununun vaxtında da dəyişiklik edilib. "Qırmızı-qaralar" Polşa komandası ilə görüşmək üçün oyun gününü iyulun 5-nə yox, bir gün erkən tarixə dəyişməyə razılaşıblar.
Daha əvvəl "Qəbələ" Albaniyanın "Kukesi" klubu ilə yoxlama görüşü keçirib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İyunun 28-də rəqib Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası olacaq. İyulun 1-də nəzərdə tutulan matçdakı rəqibin adına isə hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, "Krakoviya"nın heyətində "Qəbələ"nin sabiq futbolçuları Xavi Ernandeslə Sergey Zenyov da forma geyinir.