Bakı. 5 oktyabr. REPORT.AZ/ “Uduzduğumuz üçün çox danışmağa ehtiyac yoxdur. Belə matçı analiz etmək çətindir”.
"Report"un məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev deyib.
O, fikrini bu sözlərlə davam etdirib: “Komanda sanki qara zolaqdadır. Komanda istəyir, amma alınmır. Nəsə çatışmır. Klub olaraq bu duruma düşmüşük və ümid edirəm ki, vəziyyətdən çıxacağıq”.
- Meydandan 1 xalla ayrılsaydınız, razı qalacaqdınız?
- Yox. Son iki oyunda hiss edirdik ki, komandada eniş yaşanır. Əvvəlki matçlarda qol şansları yarada bilirdik. Amma bu gün göstərdi ki, komandanı silkələmək, ayıltmaq lazımdır.
- Sənan müəllim istefa vermək fikrində olduğunu demədi?
- Bu barədə rəhbərlik nə qərar verəcək, onu bilmirəm.
- Protokolda “18-lik” düzəlməmişdi. Bu nə ilə bağlıdır?
- Zədəli oyunçularımız var. U-19-un oyunu da olduğundan onları protokola salmamışdıq.
Qeyd edək ki, "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak etməyib. Klubdan Sənan Qurbanovun səhhəti ilə əlaqədar mətbuat konfransında iştirak etmədiyi açıqlanıb.