"Qəbələ"nin legioneri: "Bizi mükafat yox, avrokuboka vəsiqə maraqlandırır"

"Qəbələ"nin legioneri: "Bizi mükafat yox, avrokuboka vəsiqə maraqlandırır" "Son iki oyun bizim üçün finala bərabər olacaq".
Futbol
12 May , 2022 16:44
Qəbələnin legioneri: Bizi mükafat yox, avrokuboka vəsiqə maraqlandırır

"Son iki oyun bizim üçün finala bərabər olacaq".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Fernan Lopes avrokuboklara vəsiqə şanslarını dəyərləndirərkən deyib.

İspaniyalı hücumçu bildirib ki, bunun üçün əvvəlcə XXVII turda səfərdə "Şamaxı"nı məğlub etmək lazımdır: "Matça inamlı başlayacağıq. Qələbə qazanmalı olduğumuzu dərk edirik. Komandamız bütün diqqətini oyuna tam hazır olmağa yönəldib. Çətin olacaq, çünki "Şamaxı" yaxşı komandadır. Onlarla indiyədək heç vaxt oynamadığımız yeni meydançada üz-üzə gələcəyik. Bu, həmişə ev sahibi üçün üstünlükdür. 3 xal üçün meydanda hər şeyi edəcəyik".

27 yaşlı forvardın fikrincə, bütün suallara "Sabah"a qarşı son tur görüşündə aydınlıq gələcək: "Lakin indi bu barədə düşünmək lazım deyil. Məncə, mövsümün ən vacib oyunu "Şamaxı"ya qarşı olacaq. Həmin matçdakı nəticədən sonra şansları görəcəyik. Amma dediyim kimi, "Sabah"ı unudub, diqqətimizi qarşıdakı oyuna yönəltməliyik. Prioritetimiz bu bazar günü qələbə qazanmaqdır".

Lopes avrokuboklara vəsiqə qazanacaqları halda, mükafat alıb-almayacaqlarından məlumatsız olduğunu söyləyib: "Bu barədə klub rəhbərliyi ilə heç bir danışığımız olmayıb. Amma düşünürəm ki, müəyyən bonuslar olacaq. Hər halda, əsas məqam bu deyil. Avrokuboklara düşsək, istər oyunçular, istərsə də klub üçün çox yaxşı olar. İki çətin mövsümdən sonra klub naminə həqiqətən böyük bir şey edə bilərik".

Cari mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatacaq futbolçu hələlik gələcəyi barədə qərar vermədiyini vurğulayıb: "Hazırda bu barədə düşünmürəm. Yeganə planım "Qəbələ" ilə Konfrans Liqasına vəsiqə qazanmaqdır. Mövsüm bitdikdən sonra İspaniyaya ailəmin yanınaa qayıdacağam. Bir neçə gündən sonra isə növbəti mövsüm haqqında düşünməyə başlayacağam".

Qeyd edək ki, "Qəbələ" hazırda 41 xalla 4-cü pillədə qərarlaşıb. Əyalət təmsilçisini 3-cü yerdəki "Zirə"dən və 5-ci sıradakı "Sabah"dan 2 xal ayırır.

Son xəbərlər

Orphus sistemi