"Qəbələ"nin legioneri: "Başqa yerlərdə görmədiyimi burada görürəm" - MÜSAHİBƏ

"Qəbələ"nin legioneri: "Başqa yerlərdə görmədiyimi burada görürəm" - MÜSAHİBƏ "Təmkin Xəlilzadənin gedişi xəbərini eşidəndə çox kədərləndim"
Futbol
10 Yanvar , 2019 11:01
Qəbələnin legioneri: Başqa yerlərdə görmədiyimi burada görürəm - MÜSAHİBƏ

Bakı. 10 yanvar. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Ceyms Adeniyinin "Report"a müsahibəsi...

- Qış tətiliniz necə keçdi?

- "Sabah" komandası ilə Bakıda keçirdiyimiz Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra Nigeriyadakı evimizə getdim, ailə üzvlərimlə görüşdüm. Əvvəlcə doğum günümü, sonra Milad bayramını və Yeni İli qeyd etdik. Artıq mövsümün ikinci yarısı üçün təlim-məşq toplanışına başlamışıq. Hazırlıqlarımız çox yaxşı gedir. Ümid edirəm ki, keçirdiyimiz toplanışlar oyunlar zamanı özünü müsbət tərəfdən göstərəcək.

- Mövsümün ilk yarısını özünüz üçün necə dəyərləndirərdiniz?

- Özüm üçün yaxşı keçdiyini deyə bilərdim. Amma turnir cədvəlində hazırkı mövqeyimizə görə bunu dilə gətirmək çətindir. Hələlik "Qəbələ" yüksək yerlərdə deyil. Ümid edirəm ki, mövsümün ikinci yarısı həm özüm, həm də komandam üçün yaxşı keçəcək.

- Hazırda 4-cü pillədə olan "Sabah" komandasının hələ 3 yaşının tamam olmaması səbəbindən avrokuboklara buraxılmayacağını nəzərə alsaq, 5-ci pillə də "Qəbələ"yə Avropa Liqasına vəsiqə verə bilər. Bu mənada hazırkı mövqeyi komandanız üçün qənaətbəxş saymaq olar?

- Xeyr, belə deməzdim. Mövsümün ilk yarısının mənim üçün elə də yaxşı keçmədiyini əbəs yerə demədim. Özünüz məşqimizi izlədiniz, hamının gərgin çalışdığını gördünüz. Bu da hər birimizin "Qəbələ"nin ilk "3-lüy"ə yüksəlişini istəməsindən irəli gəlir.

- İndiyədək çıxış etdiyiniz komandalar arasında "Qəbələ" hansı mövqeyi tutur?

- Mənim üçün "Qəbələ" super komandadır. Çünki başqa yerlərdə görmədiyimi burada görürəm. Hazırkı komandaya ötən yay keçənlər arasında ən sonuncusu sayılıram. Adətən, başqa klublarda yeni olduğunu hiss edirsən. Amma belə bir halı "Qəbələ"də duymadım. Həm məşqçilər heyəti, həm futbolçular, həm də xüsusən, azarkeşlər tərəfindən böyük sevgi ilə qarşılandım. Bunu sözlərlə deyə bilmirəm, yalnız hisslərlə ifadə etmək olar. Bu komandada olduğum üçün özümü xoşbəxt sayıram.

- Lakin oyunlarınıza elə də çox azarkeş gəlmir. Yarıboş tribunalar önündə oynadıqda özünüzü necə hiss edirsiniz?

- Nəyə görə az tamaşaçının gəldiyini bilmirəm. Amma biz də istərdik ki, daha çox olsunlar. Çünki gəlişləri ilə çempionatın səviyyəcə yüksəlişində iştirak etmiş olurlar. Digər tərəfdən, yalnız öz üzərimizdə işləməklə inkişaf edə bilmərik. Bizə azarkeş dəstəyi də lazımdır. Oyunlarımıza çoxlu azarkeş gəlsə, özümüzü daha rahat hiss edə bilərik.

- Qış fasiləsində komandanızı aparıcı oyunçularınızdan sayılan Təmkin Xəlilzadə də tərk etdi. Bu, sizə necə təsir etdi?

- Təmkinin gedişi xəbərini eşidəndə çox kədərləndim. Yaxşı oyunçu idi. Həm müdafiədə, həm də hücumda bizə çox kömək edirdi. Digər tərəfdən, düşündüm ki, belə qərar veribsə, deməli, özü üçün daha yaxşı olacaq yerə gedib. Ona görə də bir qədər rahatlaşdım.

- Bəs özünüz necə: Sərfəli təklif müqabilində "Qəbələ"ni tərk edərsiniz?

- Gələcək üçün bir söz deyə bilmərəm. Amma indiki məqamda "Qəbələ"də qalmaq istəyirəm. Hələ müqaviləmin sonuna 2,5 il var. Sözləşməm bitənədək burada olmaq niyyətindəyəm.

- Ailə üzvlərinizdən uzun müddət kənarda yaşamaq sizə çətin deyil?

- Müddətin uzun olduğunu bilirəm. Amma özüm də, ailəm də buna öyrəşmişik. 5-6 aylıq aradan sonra tətil vaxtı gedib əzizlərimlə görüşürəm. Onlar da başa düşürlər ki, işim budur. Özüm isə ailədən bu qədər ayrı qalmağa vərdiş etmişəm. 

Son xəbərlər

Orphus sistemi