"Qəbələ"nin kapitanı: "Bizə dedilər ki, hər şey yaxşı olacaq"

"Qəbələ"nin kapitanı: "Bizə dedilər ki, hər şey yaxşı olacaq" "Klubla danışıq oldu və komandada qaldıq. Klubdan futbolçulara dedilər ki, hər şey yaxşı olacaq".
Futbol
254
20 İyul , 2020 15:46
Qəbələnin kapitanı: Bizə dedilər ki, hər şey yaxşı olacaq
Anar Nəzirov

"Klubla danışığımız oldu və komandada qaldıq. Bizə dedilər ki, hər şey yaxşı olacaq".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov əyalət təmsilçisi ilə yeni müqavilə imzalaması barədə danışarkən deyib. 

35 yaşlı qapıçı "Qəbələ"nin yenidən mübariz komanda yaratmaq istədiyini bildirib. Nəzirov ilk olaraq hazırkı klubu ilə danışmağı üstün tutduğunu vurğulayıb: "Mənim başqa təklifim də var idi. Hər şeyi götür-qoy edəndən sonra qalmağa razılıq verdim".

Qolkiper yeni mövsümdəki hədəfləri barədə danışmağın hələ tez olduğunu sözlərinə əlavə edib: "Çempionat barədə əvvəlcədən danışmaq olmur. Çalışacağıq ki, mübariz komanda formalaşdıra bilək. Klubun büdcəsi hələ tam bilinmir. Rəhbərlik də ona uyğun komanda yığmaq niyyətindədir. Klub rəsmiləri də açıqlamalarında bildiriblər ki, hər şey büdcədən asılı olacaq. Bəlkə, büdcə istənilən səviyyədə oldu, həmin an heyətə yaxşı futbolçular cəlb edilə bilər. Onda isə başqa "Qəbələ" görə bilərik".

Qeyd edək ki, "Qəbələ" Anar Nəzirovdan başqa Asif Məmmədov, Rasim Ramaldanov və Sadiq Quliyevlə yeni mövsüm üçün razılıq əldə edib. Klub Rodriqo Qattas və Merab Giqauri ilə vidalaşıb. 

Daha əvvəl "Qəbələ"dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib. 

Son xəbərlər

Orphus sistemi