"Qəbələ"nin hücumçusu Estoniya yığmasının heyətində zədələnib

"Qəbələ"nin hücumçusu Estoniya yığmasının heyətində zədələnib Sergey Zenyovun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək
Futbol
728
10 Sentyabr , 2015 12:08
Qəbələnin hücumçusu Estoniya yığmasının heyətində zədələnib

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Sergey Zenyov Estoniya milli komandasının düşərgəsində zədələnib. "Report"un "Delfi Sport"a istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu Sloveniya yığması ilə sentyabrın 8-də keçirilmiş AVRO-2016-nın seçmə qrup matçı zamanı baldırından xəsarət alıb.

Nəticədə o, ikinci hissə başlayan kimi komanda yoldaşı Sander Puri ilə əvəzlənib. Zenyov oyundan sonra verdiyi açıqlamada axsadığını, lakin zədəsinin ciddi olduğuna inanmadığını söyləyib. O, ehtiyat addım kimi əvəzləndiyini əlavə edib. Baş məşqçi Maqnus Persson da zədənin ciddi ola biləcəyindən qorxduğu üçün Purini onun əvəzinə meydana buraxdığını təsdiqləyib.

"Qəbələ"nin mətbuat xidmətindən isə bildirilib ki, Zenyov klubun düşərgəsinə yenicə qayıdıb. Estoniyalı hücumçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Sergey Zenyov "Qəbələ"yə yayda transfer olunub. O, Avropa Liqasında 2, Azərbaycan Premyer Liqasında 1 qol vurub. Sloveniya ilə qarşılaşma Estoniya millisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1. "Qəbələ" növbəti oyununu sentyabrın 12-də Bakıda "İnter"ə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasının IV tur qarşılaşmasından 5 gün sonra "qırmızı-qaralar" "Bakcell Arena"da Yunanıstan PAOK-u ilə Avropa Liqasının qrup matçına çıxacaqlar. 

Son xəbərlər

Orphus sistemi