"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm" Hazırkı durum məni çox narahat edir. Vəziyyətin bu qədər davam edəcəyini gözləmirdim. Bu müddət futbolçulara ağır zərbədir. Fəsadlarını aradan qaldırmaq çox çətin olacaq. Amma başqa yolumuz yoxdur.
Futbol
28 May , 2020 10:37
Qəbələnin futbolçusu: Məşq edəndə kökəlirəm

"Hazırkı durum məni çox narahat edir. Vəziyyətin bu qədər davam edəcəyini gözləmirdim. Bu müddət futbolçulara ağır zərbədir. Fəsadlarını aradan qaldırmaq çox çətin olacaq. Amma başqa yolumuz yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Asif Məmmədov deyib. 34 yaşlı yarımmüdafiəçi bildirib ki, iki aylıq normal fasilə futbolçulara pis təsir etmir.

Məmmədovun sözlərinə görə, həmin dönəmdə hansısa idman zalı, stadionlar açıq olduğundan birgə məşq edə bilirlər: "Yığışıb futbol oynaya, hansısa işlə də məşğul ola bilərik. Mən də arada çıxıb qaçıram. Stadion yoxdur, hansısa bərk yerdə qaçırsan və istər-istəməz dizdə və beldə ağrılar olur. Evdəki məşq çox cüzi bir şeydir. Nə qədər pres etmək olar? Futbolçu hər gün preslə kifayətlənməməlidir. Ev şəraitində də ancaq belə şeylər olur. Ona görə də normala qayıtmaq çox çətin olacaq".

Təcrübəli oyunçu martın 13-dən koronavirus pandemiyasına görə dayandırılmış Azərbaycan Premyer Liqasının mümkün bərpası barədə də danışıb: "Hələ ki, vaxtımız var. İyunun 1-dən hazırlığa başlaya bilməsək, çempionatı bərpa etməyin mənası yoxdur. Qurtarsa, daha yaxşıdır. Uzun fasilədən sonra ən azı 1 ay, 1.5 ay vaxt lazımdır ki, futbolçu özünə gəlsin. İndi elə vəziyyətdir ki, meydana çıxandan sonra hər dəqiqə zədələnə bilərsən. Əzələlər və ayaqlar tam gücdən düşüb. Əzələ elə durumdadır ki, birinci məşqdə də xəsarət ala bilərik, bu da 1,5 aylıq zədə ilə nəticələnəcək".

Məmmədovun fikrincə, iyunun ilk günündən məşqlər bərpa olunmasa, mövsüm vaxtından əvvəl yekunlaşacaq: "Hazırda sonuncu yerdə olsaq da, 4-cü yerlə 4 xal fərqimiz var. Biz sonuncu da ola bilərik, mövsümü 4-cü yerdə də başa vura bilərik".

Fiziki durumundan da söz açan yarımmüdafiəçi karantin rejimi olmasına baxmayaraq, kökəlmədiyini, əksinə, arıqladığını söyləyib: "Çalışıram ki, yeməyimə fikir verim, evdə müəyyən hərəkətlər edim. İndi parklar da açıqdır, orada hansısa hərəkətləri edə bilirik. Arıqlamaq barədə heç bir problem yoxdur, hansısa futbolçu özünə baxırsa, formada qalacaq. Əlavə 2-3 kq çəki varsa, onu bir həftəyə aradan qaldırmaq mümkündür. Futbolçu üçün əsas olan şey əzələni hazır vəziyyətdə saxlamaqdır və bədən məşqə hazır olmalıdır. Hansısa futbolçu kökəlməyə meyillidir, amma məndə elə problem yoxdur. Mən məşq edəndə kökəlirəm, nəyinki istirahətdə olanda" (gülür).

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. 2015-ci ildən "Qəbələ"nin formasını geyinən Asif Məmmədov 2007-ci ildə də əyalət təmsilçisində çıxış edib. 

Orphus sistemi