Baqali Dabo: "Mən "Qəbələ"yə keçməklə riskə getdim və bu, uğurlu alındı"

Baqali Dabo: "Mən "Qəbələ"yə keçməklə riskə getdim və bu, uğurlu alındı" "Hələ mayda Fransa klubunda olarkən, 4 aydan sonra Avropa Liqasının qrup mərhələsində çıxış edəcəyimi bilməzdim"
Futbol
20 Oktyabr , 2016 11:46
Baqali Dabo: Mən Qəbələyə keçməklə riskə getdim və bu, uğurlu alındı

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan və onun çempionatı inkişafa can atır. Bu ölkə 2-ci Dubay olmaq istəyir".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Baqali Dabo "L Equipe" nəşrinə müsahibəsində deyib. Fransalı yarımmüdafiəçi bildirib ki, yayda Azərbaycan klubuna keçərkən, hamı onun karyerasının tənəzzülə doğru gedəcəyini düşünüb. Amma Dabonun fikrincə, indi hər şey əksinədir: "Hamımız birgə qalırıq. Yaşadığımız otel kurortu xatırladır. Burada digər ölkələrin komandalarına da rast gəlmək olar. Bir-birimizlə ingiliscə ünsiyyətdə oluruq. Azərbaycan dili türkcəyə bənzəyir. Klubda çoxlu rus və ukraynalı da var ki, onlar rusca danışırlar".

Qəbələdəki stadionun balaca olduğunu deyən Dabo bu səbəbdən, Avropa Liqasındakı görüşlərini Bakıda keçirdiklərini xatırladıb. Bununla yanaşı, o, bildirib ki, klubu super infrastruktura malikdir: "Bir neçə ildən sonra "Qəbələ" böyük kluba çevriləcək. Bura gələrkən, klubun infrastrukturu məni çox təəccübləndirmişdi".

Dabo Azərbaycan Premyer Liqasının səviyyəsi barədə də danışıb. Onun fikrincə, "Qəbələ", "İnter" və "Qarabağ" kimi klublar Fransanın yüksək liqasında oynaya bilərlər: "Biz hamımız, həmçinin klub prezidenti uğura acıq. O, bizi irəli aparmaq, hər zaman daha çox nailiyyət istəyir. Əminəm ki, bir müddət sonra Azərbaycana gələn oyunçuların sayı çoxalacaq. Bu çempionat inkişaf edəcək. İlk gündən futbolçularımızın oyun keyfiyyətindən təəccübləndim. Get-gedə oyuna nəzarəti ələ keçirməyə çalışırıq".

28 yaşlı futbolçunun sözlərinə görə, Avropa kuboklarında oynamaq hər bir futbolçunun arzusudur: "Mən riskə getdim və bu, uğurlu alındı. Hələ mayda Fransanın "Kreteyl" klubunda olarkən, 4 aydan sonra Avropa Liqasının qrup mərhələsində çıxış edəcəyimi bilməzdim. Bu, inanılmazdır. Avrokubok hər bir futbolçunun arzusudur. Özüm sırf hücumçu olmasam da, Azərbaycan Premyer Liqasında 7 qolla bombardirəm, Avropa Liqasında 3 qol və 4 məhsuldar ötürmə müəllifiyəm. Məqsədim uğurlu mövsüm keçirməkdir. Nəyə görə də daha yüksək səviyyəli klublara keçməyim?!"

Qeyd edək ki, Baqali Dabo zədə üzündən bu gün "Qəbələ"nin Fransada "Sent-Etyen"lə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur matçını buraxacaq.  

Son xəbərlər

Orphus sistemi