​"Qəbələ"nin futbolçuları Antalya toplanışını dəyərləndirib

​"Qəbələ"nin futbolçuları Antalya toplanışını dəyərləndirib "Dnepr"lə oyunda da yaxşı çıxış edərək, nəticə qazanmalıyıq"
Futbol
22 Yanvar , 2016 10:14
​Qəbələnin futbolçuları Antalya toplanışını dəyərləndirib

Bakı. 22 yanvar. REPORT.AZ/ "10 gün ərzində çox yaxşı məşq etdik və buna davam edirik. Üstəlik, iki oyunda özümüzü sınamaq imkanı oldu". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin Bosniya və Herseqovinadan olan hücumçusu Ermin Zets klub televiziyasına komandasının Türkiyənin Antalya bölgəsindəki toplanışı haqda danışarkən deyib.

Zets bildirib ki, "Qəbələ" fiziki və taktiki cəhətdən çox yaxşı görünür. O, çempionatda da uğur qazanacaqlarına ümidvar olduğunu vurğulayıb. 

Estoniyalı forvard Sergey Zenyov yerli çempionat üçün baza yığdıqlarını və çoxlu kombinasiyalar üzərində çalışdıqlarını bildirib: "İki yüksək səviyyəli rəqiblə oynadıq. Almaniya təmsilçisi və "Sürix"lə oyunlar bizim üçün yaxşı sınaq oldu. Hər iki komanda həm yaxşı müdafiə olunur, həm də yaxşı hücumlar qururdu. Bu, bizim üçün yaxşı haldır. Çoxlu kombinasiyanı sınaqdan keçirmək üçün yaxşı fürsətdir. Bu sınaqdan yaxşı çıxanları çempionatda tətbiq etməyə çalışacağıq. Hazırda yerli çempionat üçün baza yığmağa çalışırıq. Nəyin necə olduğunu azarkeşlər görəcək və qiymət verəcəklər".

Serbiyalı müdafiəçi Vojislav Stankoviç Premyer Liqanın qalan hissəsində daha yaxşı iştirak edəcəklərini və turnir cədvəlindəki mövqelərini yaxşılaşdıracaqlarını düşünür: "Antalyaya təlim-məşq toplanışına gəlməyimiz çox yaxşı oldu. Burada çempionatın ikinci yarısına hazırlaşmaq üçün əla imkanlar var. Düşünürəm ki, ikinci yarıda biz daha yaxşı iştirak edəcək və turnir cədvəlində yerimizi yaxşılaşdıracağıq. Gördüyümüz işin keyfiyyətli olduğunu və bunun bizə fayda verəcəyini deyə bilərəm. İlk oyunumuz o qədər də uğurlu alınmadı. Hesabda irəli olsaq da, nəticəni saxlaya bilmədik. "Sürix"lə oyunda isə qalib gəldik. Bu, bizim çempionata hazırlığımız üçün əla oyun idi".

Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov da həmklubları ilə eyni fikirdədir. O, ölkə çempionatına ciddi hazırlaşdıqlarını söyləyib: "Toplanış yaxşı keçir. Biz çox əla işləyirik. Bəzi detallar qalıb ki, onları yoluna qoymalıyıq. Bu istiqamətdə baş məşqçinin verdiyi tapşırıqlar var. Çempionata çox ciddi hazırlaşırıq. Qarşıda "Dnepr"lə yoxlama oyunumuz var. Həmin oyunda da yaxşı çıxış etməliyik. Nəticə qazanmalı və qoyulan tapşırıqları yerinə yetirməliyik. Ümumi olaraq desəm, toplanış fiziki və taktiki planda çox yaxşı, intensiv davam edir".

Qeyd edək ki, "Qəbələ" əvvəlki yoxlama matçlarında Almaniya təmsilçisi "Osnabrük"lə 1:1 hesablı heç-heçə etsə də, İsveçrə "Sürix"ini darmadağın edib - 4:0. Növbəti görüş yanvarında 24-də "Dpepr"ə qarşı olacaq. 

Son xəbərlər

Orphus sistemi