"Qəbələ"nin baş məşqçisi: "Neftçi" ilə görüşün nəticəsi ədalətlidir"

"Qəbələ"nin baş məşqçisi: "Neftçi" ilə görüşün nəticəsi ədalətlidir" "Oyun belə ağır keçəcəyini bilirdik"
Futbol
136
10 Aprel , 2021 18:17
Qəbələnin baş məşqçisi: Neftçi ilə görüşün nəticəsi ədalətlidir
Elmar Baxşıyev

"Oyunun belə ağır keçəcəyini bilirdik. Rəqibimiz çempionluğa oynayır, arsenalında hücumameylli, keyfiyyətli futbolçuları var. Təhlükənin haradan gözlədiyini bilirdik, buna görə də komandanı çətin qarşılaşmaya hazırlamışdıq. Bizim də öz planımız var idi. Matç dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu sərgilədi. Görüşün nəticəsi ədalətlidir".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, istəyi komandasının hücum edə-edə müdafiə olunmasıdır: "İki ildir komandanın sükanı arxasındayam. İlk gündən tapşırığım o olub ki, meydanda istədiyim futbol nümayiş etdirilsin, komandam daim hücumda olsun və hücum edə-edə müdafiə olunsun. Udanda da, uduzanda və ya heç-heçə edəndə də futbolçularımın deyilənləri düzgün icra etdiklərini görürəmsə, bundan məmnun oluram. Məni ən çox kədərləndirən komandamın meydanda istədiyimi verməməsidir. Ona görə ki, komanda ilə bunları məşq prosesində daim icra edirik. Rəqibdən asılı olmayaraq, şən futbol sərgiləyirik, öz oyunumuz var".

Baxşıyev hakimlik barədə daha geniş danışmayacağına dair özü-özünə söz verdiyini söyləyib: "Futbolda emosiyalar yüksək həddə olur. Bu da daim oyunun içində olmağından irəli gəlir. Emosional görünməyimiz sizə təəccüblü gəlməsin. Çünki komandanın məsuliyyətini özümüz daşıyırıq. Emosionallığımız başadüşülən olmalıdır".

Baş məşqçi ehtiyatda qalan Nikolas Rayselin zədədən bərpa dövrü keçdiyini diqqətə çatdırıb: "Gələn oyunlarda onun xidmətindən yararlana biləcəyik".

Son xəbərlər

Orphus sistemi