"Qəbələ"nin baş məşqçisi: "Hazırkı vəziyyətdə bunları etmək asan deyil" - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi: "Hazırkı vəziyyətdə bunları etmək asan deyil" - MÜSAHİBƏ Bakı. 18 iyun. REPORT.AZ/ Qəbələ klubunun baş məşqçisi Sənan Qurbanov yoxlama oyununda MOİK-lə 1:1 heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
18 İyun , 2018 15:27
Qəbələnin baş məşqçisi: Hazırkı vəziyyətdə bunları etmək asan deyil - MÜSAHİBƏ

Bakı. 18 iyun. REPORT.AZ/ "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov yoxlama oyununda MOİK-lə 1:1 heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Report"un məlumatına görə, o, öncə oyun barədə fikirlərini bölüşüb:

- Fiziki məşqlərdən sonra bəzi komponentlər var ki, oyunçulardan onları almaq istəyirdik. Çox ala bilməsək də, aldıq. Bəzi şeylər var ki, onların üzərində ayrıca işləmişdik. Bilirdik ki, çox ala bilməyəcəyik. Komandanın oyun üslübunda da dəyişikliklər etməliyik. Hücumdan müdafiəyə qayıtmaq, müdafiədən hücuma çıxmaq və sürətli hücum qurmaq istəyirdik. Hazırkı vəziyyətdə bunları etmək asan deyil. İstədiklərimin az hissəsini futbolçulardan ala bildim. Çox işləmək lazımdır. Bu oyunda daha çox məlumat topladım. Daha çox çalışacağıq ki, oyunçular istədiyimiz şeyləri meydanda göstərə bilsinlər.

- "Qəbələ"də taktiki baxımdan hər hansı bir dəyişiklik gözlənilirmi?

- Hücum və müdafiə futbolu var. Hər ikisində yaxşı iştirak etmək istəyirik. Bəzi nüanslar var ki, bəlkə onlarda dəyişikliklər etdik. Bu barədə futbolçularla da danışmışıq. Bir az vaxt tələb edəcək. Hücumda və müdafiədə yaxşı oynamaq istəyirik. Oyunun gedişində bunları edə bilsək, siz də kənardan görəcəksiniz. Çalışacağıq ki, daha yaxşı çıxış edək. Qlobal dəyişiklik olmayacaq.

- Bəzi futbolçular "Qəbələ"dən ayrılıb...

- Mən hazırda meydanda olan futbolçular haqqında danışa bilərəm. Çalışacağıq ki, bunların üzərində işləyib, inkişaf etdirək. Biz də komandamıza hücumçu cəlb eləmək istəyirik. Komanda olaraq tam komplekləşmiş formada Sloveniyada yoxlama oyunularını keçirmək niyyətindəyik.

- Baqali Dabonun gedişi komandaya necə təsir elədi?

- Dabo artıq başqa komandanın oyunçusudur. O barədə danışmaq istəmirəm. Sərbəst futbolçu idi.

- O sizə söz vermişdi...

- Mənə söz verməmişdi (gülür).

- "Qəbələ"yə söz verdi. Sonra isə başqa komanda ilə müqavilə bağladı. 

- Bəli. Mən də o məlumatı mediadan oxumuşam. Dabonun gedişində problem görmürəm.

- Sloveniyadakı rəqibləriniz müəyyənləşib?

- Bəli. O barədə açıqlama vermişik. Biz 4 oyun planlaşdırmışdıq. Ola bilsin ki, oyunların birini ləğv edək. "Dinamo” və "Kukesi” ilə razılıq əldə olunub. Üçüncü rəqibimizin adına isə Sloveniyada aydınlıq gələcək.

- "Qəbələ"yə oyun qurucusu lazımdırmı?

- Əlbəttə. Hər bir mövqeyə futbolçu lazımdır. Bu gün mərkəz futbolçularından daha çox razı qaldım. Elvin Camalov və Qismət Alıyevdən belə oyun gözləmirdim. Onlardan istədiyimizi aldıq. Amma oyun qurucusu lazımdır. Sabien Lilayı axtarıb tapmışıq. Oyunundan çox razıyam. Beynimdə bir futbol fəlsəfəsi var. Lilayi onu yerinə yetirə biləcək gücdədir.

- Sabah "Qəbələ"nin rəqibi müəyyənləşəcək. Arzulamadığınız rəqib varmı?

- Bu barədə düşünməmişəm. Nəsə fikirləşirsənsə, daima onun əksi olur. Nə xeyirlidirsə o da olsun. 

Son xəbərlər

Orphus sistemi