"Ümumilikdə oyundan razı qaldım".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya şəhərində Polşanın "Zaqlembe" komandasına 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, görüşün ağır keçəcəyi əvvəldən məlum idi: "İstədiyimiz o idi ki, komanda oyun yükünü hiss etdin. Toplanışda ilk oyunumuz idi. Bilirdik ki, bir az ağır olacaq. Futbolçuların yanaşması məni qane edir. İnanıram ki, gündən-günə xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq və optimal formaya qayıdacağıq".
Baxşıyevin sözlərinə görə, Məqsəd İsayev zədəli olduğu, Murad Musayevin isə hərarəti qalxdığı üçün heyətdə dəyişikliyə gedib: "Ümumi prosesdən razıyam. Nəticədən asılı olmayaraq, komanda mən istədiyimi verdi. Mövsüm ərzində də Emil Səfərov və Hüseyn Mürsəlovu ilk “11-lik”də görmüşük. İnanıram ki, bu toplanışdan sonra daha bir neçə gənc bizimlə davam edəcək".
Baş məşqçi deyib ki, Urfan Abbasovun zədələnməsi onları narahat edir: "Ümidliyik ki, o, bunu adlaya biləcək. Patrik Robsonla müqavilə imzalamışıq. Təəssüf ki, koronavirusa yoluxduğu üçün komandaya qoşulmayıb. Onlar qoşulandan sonra heyətimiz bir az da geniş olacaq. İnanıram ki, komanda meydanda daha yaxşısını edəcək".