"Qəbələ"nin baş məşqçisi "Anderlext"lə Avropa Liqasındakı oyunları xatırlayıb

"Qəbələ"nin baş məşqçisi "Anderlext"lə Avropa Liqasındakı oyunları xatırlayıb Roman Qriqorçuk Rusiya və Belçika komandaları arasında keçiriləcək görüşləri dəyərləndirib
Futbol
13 Fevral , 2017 09:46
Qəbələnin baş məşqçisi Anderlextlə Avropa Liqasındakı oyunları xatırlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk futbol üzrə Avropa Liqasında Belçikanın "Anderlext" və Rusiyanın "Zenit" komandaları arasında keçiriləcək 1/16 final mərhələsinin görüşləri öncəsi fikirlərini bölüşüb. "Report"un məlumatına görə, ukraynalı mütəxəssis "Sport Uik End"ə müsahibəsində əvvəlcə Avroliqanın qrup mərhələsində "Anderlext"lə oynadıqları qarşılaşmalardan danışıb.

O bildirib ki, həm səfərdə, həm də evdə 1:3 hesabı ilə uduzduqları matçları yaxşı xatırlayır: "Səfərdə keçirdiyimiz ilk oyunda "Anderlext"in "Qəbələ"dən səviyyəcə üstünlüyü hiss olunurdu. Bu, ilk növbədə, ustalıq səviyyəsində öz sözünü deyirdi. Ola bilsin, rəqib hansısa epizodlarda bizi sürətdə də üstələyirdi. Ev oyunumuzda isə bərabər səviyyədə mübarizə apardıq. Təəssüf ki, yenə uduzduq. Amma müsbət nəticəyə də ümid edə bilərdik".

"Anderlext"i ciddi rəqib kimi dəyərləndirən Qriqorçuk bu iki oyuna əsasən və görüşlərə hazırlıq zamanı Belçika təmsilçisinin əlindəki materialla yaxından tanış olaraq, belə nəticəyə gəldiyini vurğulayıb.

"Çernomorets"in sabiq baş məşqçisi hazırda "Zenit"in sükanı arxasında olan Mirça Luçeskunu hələ Ukrayna "Şaxtyor"una rəhbərlik etdiyi vaxtdan yaxşı tanıdığını da dilə gətirib: "Luçesku barədə yüksək tonla yalnız yaxşı sözlər deyə bilərəm. Onun işə yanaşmasına yaxından bələdəm. O, "Şaxtyor"da işlədiyi vaxt komandasının oyunu elə qurulmuşdu ki, mənə rəqibin necə oynadığı və komandamı nələrin gözlədiyi tam aydın idi. Taktiki cəhətdən mütəşəkkil kollektiv formalaşdırmışdı. Əlbəttə, "Şaxtyor" futbolçularının fərdi ustalığı baxımından Ukrayna çempionatında böyük üstünlük qazanmışdı. Eyni zamanda çox güclü oynayırdılar".

Qriqorçuk "Zenit" - "Anderlext" duelində Rusiya təmsilçisini daha şanslı sayıb. Onun fikrincə, "Zenit" rəqibindən bütün komponentlərdə bir baş üstün olmaqla, müsbət nəticə əldə etmək üçün bütün imkanlara malikdir: "Komandanın gözəl baş məşqçisi və yaxşı futbolçuları var".

Qeyd edək ki, "Zenit" "Anderlext"lə ilk oyunu fevralın 16-da səfərdə, cavab görüşünü isə fevralı 23-də evdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi