"Qəbələ" klubu qışda yeni transferlər edəcək

"Qəbələ" klubu qışda yeni transferlər edəcək "Bu il daha xoşagələn oyun sərgiləyirik"
Futbol
16 Noyabr , 2016 14:54
Qəbələ klubu qışda yeni transferlər edəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ "Avroliqada ardıcıl ikinci mövsüm iştirakımız bizim üçün böyük təcrübə oldu. İldən-ilə komandamızın daha yaxşı çıxış etməsini, öz oyun üslubunu yaxşılaşdırmasını müşahidə edirik". 

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin bu gün keçirilmiş iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Komandanın Avroliqadakı çıxışını dəyərləndirən F.Nəcəfov ötən ildən fərqli çıxış etdiklərini bildirib: "Bu il daha xoşagələn oyun sərgiləyirik. Nəticəmizin də belə alınacağını gözləmirdik. Amma uduzduğumuz oyunların hamısını yüksək səviyyədə keçirmişik. Bəzi oyunlarımızı futbolçularımızın fərdi səhvləri üzündən uduzmuşuq. Amma komanda kimi uğurla çıxış edirik. Burada da zədəlilərimiz oyunumuza təsirsiz ötüşmədi. Bəzi mövqelərdə futbolçuların çatışmaması özünü göstərdi və nəticəmiz belə uğursuz alındı. Düzdür, qrupdan çıxmaq şanslarımız tam tükənib. Amma qarşıdakı 2 oyuna komandamız tam gücümüzlə çıxacaq. Çünki burada həm reytinq məsələsi var, həm də klub olaraq, ölkəmizi layiqincə təmsil etmək istəyirik".

Klub rəsmisi qış fasiləsində heyətə yeni futbolçuların cəlb olunacağını söyləyib: "Bəzi mövqeləri gücləndirmək istəyirik. Avroliqadan əldə etdiyimiz gəlirin bir hissəsini futbolçu transferlərinə xərcləmək niyyətindəyik. Buna görə də axtarışlarımız davam edir. Baş məşqçimiz Roman Qriqorçuk bir neçə mövqedə oynaya bilən futbolçulara üstünlük verir. Məsələn, bura hücumda, yarımmüdafiənin sağ və solunda oynaya bilənlər aiddir. Axtarışlarımız o istiqamətdə gedir".

Qeyd edək ki, Avropa Liqasında C qrupunda yer alan "Qəbələ" ilk 4 tur qarşılaşmalarının hamısından məğlub ayrılıb. Noyabrın 24-də Belçika "Anderlext"ini qəbul edəcək "qırmızı-qaralar" dekabrın 8-də Almaniyada "Maynts"ın qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi