AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqası klublarından "Qəbələ" və "Sumqayıt" cəzalandırılıb, AZAL-a xəbərdarlıq olunub.
Qərarlarda bildirilir ki, III turdan təxirə salınmış "Qəbələ” – "Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. "Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.
85-ci dəqiqədə "Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğu üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Abasov bu gün "Neftçi" ilə Premyer Liqanın VI tur matçını tribunadan izləyəcək.
VI turun AZAL – "İnter” matçında Peşəkar Futbol Liqasının himni səslənməyib və stadionun tablosu işlək vəziyyətdə olmayıb. Bununla əlaqədar AZAL klubuna xəbardarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.