Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 6-da futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" klubu ilə qarşılaşacaq Ukraynanın "Dnepr" komandası noyabrın 5-də Bakıya gələcək. "Report"un məlumatına görə, "Dnepr" elə həmin gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxacaq.
Əvvəlcə Bakı vaxtı ilə saat 17:30-da baş məşqçi Miron Markeviç mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra komanda məşqə çıxacaq. Həmin gün saat 19:00-da isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxacaq. "Qarabağ"ın son məşqi isə saat 19:30-a nəzərdə tutulub.
Qeyd edək ki, qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.