Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Qarabağ" "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk qol 8-ci dəqiqədə vurulub. Ağdam klubundan Rahil Məmmədov fərqlənib. Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıda meydan sahibləri tarazlığı bərpa edib. 60-cı dəqiqədə Kevin Kubemba adını tabloya yazdırıb. Oyunda son nöqtəni "Qarabağ"ın heyətində Mahir Emreli qoyub. 72-ci dəqiqədə komandasını önə keçirən hücumçu vurduğu qolu "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimliyə həsr edib. O, qoldan sonra üzərində şəhidin şəkli olan ağ formanı nümayiş etdirib.
Bu qələbədən sonra xallarını 26-ya çatdıran "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. "Sabah" isə 13 xalla sonuncu sırada qalıb.
Bu gün baş tutan digər oyunlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Zirə" isə evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.