"Qarabağ" rəsmisi: "Ümidvaram ki, CAS daha yumşaq qərar çıxaracaq"

"Qarabağ" rəsmisi: "Ümidvaram ki, CAS daha yumşaq qərar çıxaracaq" "Ümidvaram ki, Nurlan İbrahimovla bağlı düzgün və daha yumşaq qərar çıxarılacaq".
Futbol
28 İyun , 2022 15:24
Qarabağ rəsmisi: Ümidvaram ki, CAS daha yumşaq qərar çıxaracaq

"Ümidvaram ki, Nurlan İbrahimovla bağlı düzgün və daha yumşaq qərar çıxarılacaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş meneceri Asif Əsgərov klubun keçmiş mətbuat katibi barədə UEFA-nın çıxardığı ömürlük futboldan uzaqlaşdırma cəzası barədə danışarkən deyib.

Əsgərov bildirib ki, hazırda məsələyə İdman Arbitraj Məhkəməsində (CAS) baxılır.

O, İbrahimovu 15 yaşından tanıdığını xatırladıb: "İstənilən şəxsi ittiham etmək olar. Amma özünüzü küçədə futbol oynadığı vaxt bomba ilə tikələrə bölünmüş 7 yaşlı uşağın yerinə qoymağa çalışın. Mən Nurlanı heç vaxt belə görməmişəm. Həmin yazısı müharibə barədə emosional səhvi idi. İki qız atası kimi o, ermənilərin Tərtəri bombalamasından qəzəblənmişdi. Hirsi soyuduqdan sonra isə yazısını silmişdi. Hesab edirəm ki, o, səhvə yol vermişdi. Lakin futboldan ömürlük kənarlaşdırılmağa layiq olmadığı üçün əsaslar kifayət qədərdir. Nurlan heç kimi öldürə bilməz".

"Qarabağ" rəsmisinin sözlərinə görə, özü əslən Zəngəzurdan olmasına və dədə-babalarının oradan qovulmalarına baxmayaraq, Azərbaycan sülhsevər ölkə kimi heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməyib: "Azərbaycan çoxmillətli ölkədir, burada ləzgilər, talışlar, avarlar, kürdlər, slavyanlar və s. yaşayır. 44 günlük müharibə zamanı bütün etnik qruplar işğal olunmuş ərazilərimizi işğalçılardan azad etməyə çalışdılar. Biz 30 ildir dözən çox sülhsevər ölkəyik. Bir daha deyirəm: Azərbaycan həmişə sülhün tərəfində olub. Lakin biz günahsız insanların ölümlərini heç vaxt bağışlamamışıq və bununla barışmayacağıq".

Əsgərov "Qarabağ" azarkeşlərinin 2017/2018 mövsümündə Bakıda İngiltərənin "Çelsi" komandasına qarşı keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyunundan öncə açdığı və üzərində "Evdən uzaq, amma aid olduğun yerdə" sözlərinin yazıldığı pankarta da toxunub: "Biz Çempionlar Liqasının qrup mərhələsində çıxış edən yeganə Azərbaycan klubuyuq. Bu, bütün ölkə üçün əla, emosional an idi. Həmişə sülh tərəfdarı olmuşuq. Hər bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri var ki, qonşu dövlətlər onlara hörmət etməlidir. Ərazimizin 20 faizi 30 ilə yaxın işğal altında qaldı. 2020-ci ildə 44 günlük müharibə nəticəsində torpaqlarımızı azad etdik. Bunun sayəsində bir milyon insan tezliklə öz yurduna qayıdacaq".

Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü də dəyərləndirən baş menecer Polşa "Lex"ini bu raundda qarşılaşa biləcəkləri ən güclü rəqib adlandırıb: "Bu, ən azından kağız üzərində belədir. Polşanın ən böyük klublarından biri ilə görüşəcəyimizi bilirik. "Lex"in ölkə çempionu olması da bunu təsdiqləyir. Bizi çətin matçlar gözləyir. Amma 10 ildən artıqdır avrokuboklarda oynayırıq və bu cür qarşılaşmalara öyrəşmişik. "Lex"ə hörmət edirik, ona görə də qarşıdakı matçlara maksimum motivasiya ilə çıxacağıq".

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi