"Qarabağ" rəsmisi: "İrəli sürdüyümüz arqumentlərə cavab ala bilmirik"

"Qarabağ" rəsmisi: "İrəli sürdüyümüz arqumentlərə cavab ala bilmirik" "Üzvü olduğumuz Avropa Klublar Assosiasiyası və digər qurumlar vasitəsilə haqqlarımızı tələb etməyə çalışırıq"
Futbol
2 Sentyabr , 2020 12:41
Qarabağ rəsmisi: İrəli sürdüyümüz arqumentlərə cavab ala bilmirik

"Çalışırıq ki, matçın yeri dəyişməsin. Müxtəlif arqumentlər gətiririk ki, UEFA bizə yox, "Molde" tərəfə yönəlsin. Son qərarı UEFA verəcək. Hansı qərar olsa, həm biz, həm də qarşı tərəf hörmətlə yanaşmalı və onu icra etməlidir".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəkləri matçın yerinin dəyişdirilmə ehtimalına münasibət bildirərkən deyib. Klub rəsmisi irəli sürdükləri arqumentlərə hələ cavab ala bilmədiklərini söyləyib. Əsgərov bu səbəbdən, UEFA-nın matçın yerini və vaxtını açıqlamadığını vurğulayıb. 

Baş menecer ÇL-in III təsnifatındakı "Dinamo" (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) matçı ilə bağlı eyni halın yaşanmasından xəbərdar olduğunu diqqətə çatdırıb: "Avropanın bir çox ölkələri istisnalar edirlər. Məsələn, Macarıstan da digərləri kimi belə qərar çıxarıb, amma idmana güzəşt var. İsveç və Norveç isə karantinlə bağlı qərar verəndə istisna yazmır. Bu da hansı tədbirin keçirilməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarına şamil olunur. Azərbaycan UEFA-ya üzv olan 55 ölkədən biridir. UEFA da bilir ki, idman prinsipləri bərabər olmalıdır. "Mən Avropa Birliyi ölkələrinə gedə bilirəm, amma Azərbaycana gedə bilmirəm" məsələsi bir az açıqdır. Biz öz arqumentlərimizi UEFA qarşısında qabartmışıq, sonda qərarı onlar verəcək. Püşk atılan kimi, "Molde"dən məktub gəldi ki, harada oynayacağıq? Bu çox rahat yoldur: Biz neytral meydanda oynamağa razılaşsaydıq, məsələ bağlanacaqdı. Amma razılaşmadığımızı deyərək, hiss etdirməyə çalışırıq ki, düzgün və ədalətli tərəf bizik".

Əsgərov əlavə edib ki, UEFA hələ hər iki tərəf üçün qanunla əsaslandıra biləcəyi qərarı tapa bilmir: "Bizə göndərsələr ki, neytral meydanda oynayacaqsınız, bunu əsaslandırmalıdırlar. Üzvü olduğumuz Avropa Klublar Assosiasiyası və digər qurumlar vasitəsilə haqqlarımızı tələb etməyə çalışırıq. Qısa demək istəyirəm ki, işlərimiz daha genişdir".

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub.

Son xəbərlər

Orphus sistemi