Samir Abasov: “Qarabağ”la oyuna əcnəbi referinin gətirilməsi düzgün olmaz”

Samir Abasov: “Qarabağ”la oyuna əcnəbi referinin gətirilməsi düzgün olmaz” “Hondanı ümumiyyətlə oynatmaq fikrimiz yox idi. Süni örtüklü meydanlarda ardıcıl 2 oyun keçirmişdik. Ötən matçdan sonra ayağındakı ağrılardan şikayətləndi”
Futbol
14 May , 2021 21:43
Samir Abasov: “Qarabağ”la oyuna əcnəbi referinin gətirilməsi düzgün olmaz”
Samir Abasov

“Bizim üçün bu gün qələbə qazanmaq çox önəmli oyun idi. Çünki qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik. Əvvəlki dövrədə "Sumqayıt"a uduzduğumuz ev oyunundan sonra istənilən komanda ilə qarşılaşsaydıq, məğlub olacağımızı bildirmişdim. Çünki biz özümüz-özümüzə yenilmişdik. Bunu sübut etmək üçün qalib gəldik".

“Report”un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandasının qol epizodlarını qaçırması onu narahat edir: “Oyunun gedişində hesabı özümüz üçün rahatlaşdıra bilərdik. 2-3 top vuraraq, əvvəlki bəzi qarşılaşmalar kimi rahat oynayacaqdıq. Axıra yaxın bir qədər panika var idi. Bu da normaldır. Çünki bir komanda uduzmaq istəmir, digəri isə hücuma atılaraq udmağa can atır. Xoş haldır ki, qalib gəldik. Artıq son oyuna hazırlaşacağıq. Görək, necə alınacaq”.

“Neftçi”nin baş məşqçisi Keysuke Hondaya bugünkü oyunda şans verməməsinin səbəbini belə izah edib: “Qarabağ”ın oyununun nəticəsindən xəbərim yox idi. Qarşılaşmadan sonra "CBC Sport"a canlı yayımda müsahibə verdiyim vaxt oyunun şərhçisindən soruşdum, o dedi. Hondanı ümumiyyətlə oynatmaq fikrimiz yox idi. Süni örtüklü meydanlarda ardıcıl 2 oyun keçirmişdik. Ötən matçdan sonra ayağındakı ağrılardan şikayətləndi. Ona görə də bugünkü matçda onu qoruduq”.

Abasovun fikrincə, hücumda aktiv, müdafiədə isə diqqətli olmaq lazımdır: “İlk yarıda əlverişli imkan yaratsaq da, Stiven Monroz fərqlənə bilmədi. Eyni epizodu "Bakcell Arena”dakı oyunumuzda yaratmışdıq. Həmin vaxt Namik Ələskərov vura bilməmişdi, bu gün isə Monroz fərqlənməyi bacarmadı. Məqsədimiz bu idi ki, hücumda bacardığımız qədər səmərəli, müdafiədə diqqətli olaq, yarımmüdafiə xəttini isə ələ alaq. Məncə, hücumdan başqa qalan iki vəzifəni yerinə yetirdik. Planımız isə topu rəqibə verməmək və rəqibin necə oynayacağını görmək idi. Çünki bilirdik ki, “Sumqayıt"a da qələbə lazım idi. Bəzi məqamlarda topu özümüz rəqibə verirdik. 3 müdafiəçinin üstünə getməmək, topu saxlayaraq, oyunu nəzarətdə saxlamaq istəyirdik. Məncə, futbolçularımız ən yaxşısını etdilər, bacardılar".

Baş məşqçi bildirib ki, "Qarabağ"la son turda keçirəcəkləri həlledici oyundan öncə komandada qol epizodlarının sağa-sola xərclənməsindən doğan həyəcan siqnalı yoxdur: "Xoş haldır ki, qol epizodları yarada bilirdik. Əvvəllər bu baxımdan çətinlik çəkirdik. Qol vura bilməməyimiz tələskənlikdən irəli gələ bilər. Amma bu gün heç həyəcanlanmırıq və düşünürəm ki, "Qarabağ"la qarşıdakı görüşümüzdə bu qədər qol epizodumuz olmayacaq. Bir-iki qol vəziyyətimiz düşsə, onları dəyərləndirərək, meydandan üzüağ çıxa bilərik”.

Baş məşqçi “Qarabağ”la keçirəcəkləri son turun önəminə də diqqət çəkib: “Mən həmişə rahat yatıram. Sadəcə, “Qarabağ”la qarşılaşma başımızı həddindən artıq dolduracaq. Buna həyatımızın son oyunu deməzdim, amma o qədər önəmli olacaq ki... Bu rəqibə qarşı necə oynayacağımızı deyə bilmərəm. Yatmağa qaldıqda, yerimiz rahat, evimiz rahat, niyə də yatmayaq”?!

Abbasov “Qarabağ”la oyunda əcnəbi baş hakimin dəvət edilməsinə ehtiyac duymadığını vurğulayıb: “Məncə, bu, mənə aid sual deyil. Əcnəbi hakimlərin gətirilməsini son tura saxlamaq düzgün olmaz. Biz öz akimlərimizə inanmalıyıq. Onlar avrokuboklarda, Avropa Liqasının qrup mərhələsində oyun idarə edirlərsə, nəyə görə bu oyunun öhdəsindən gəlməsinlər? Məncə, əcnəbi referinin gətirilməsi düzgün addım olmaz. Fikrimcə, yerli hakimlərə güvənməliyik. Onlar da bu cür oyunlarda bişəcəklər. Hansı ki, özümüz də cari mövsüm hakimlik baxımından əziyyət çəkmişik. Mən öz hakimlərimizə etibar edərdim və bunu referilər də nəzərə alsınlar (gülür - red.)”.

Son xəbərlər

Orphus sistemi