"Qarabağ"ın​ yarımmüdafiəçisi: "Zədədən sonra meydana çıxmağa tam hazır deyiləm"

"Qarabağ"ın​ yarımmüdafiəçisi: "Zədədən sonra meydana çıxmağa tam hazır deyiləm" Rahid Əmirquliyev komandanın Çempionlar Liqasındakı rəqibindən danışıb
Futbol
25 İyun , 2016 13:16
Qarabağın​ yarımmüdafiəçisi: Zədədən sonra meydana çıxmağa tam hazır deyiləm

Bakı. 25 iyun. REPORT.AZ/ "6 aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır deyiləm, amma Avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev klubun rəsmi saytına açıqlamasında deyib.

Uzun müddətdir zədədən əziyyət çəkən yarımmüdafiəçi Avstriyada davam edən təlim-məşq toplanışından və komandadakı rəqabətdən danışıb: "Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda oynadım. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü yeni transfer kimi hiss etmirəm. "Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya məlumdur. Belə rəqabətin olması həm mən, həm də bu mövqedə mübarizə aparan digər futbolçular üçün yaxşıdır. Bir yer uğrunda mübarizə gedirsə, futbolçu öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem yaranmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş məşqçimiz qərar verəcək".

27 yaşlı futbolçu komandanın Çempionlar Liqasındakı rəqibi Lüksemburq "Düdelanj"ı haqda da fikirlərini açıqlayıb: "Rəqib haqda elə də ətraflı məlumatım yoxdur. Onların heyətində çoxsaylı legionerlər oynadığını bilirəm. Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq və bilirik ki, bizim üçün heç nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq".

Son xəbərlər

Orphus sistemi