"Qarabağ"ın sabiq hücumçusunu Ukraynada ələ salıblar

"Qarabağ"ın sabiq hücumçusunu Ukraynada ələ salıblar Ukrayna "Karpatı"sı klubun strategiyasını tənqid edən sabiq futbolçusu Yaroslav Dedanı ələ salıb
Futbol
803
13 Oktyabr , 2021 17:37
Qarabağın sabiq hücumçusunu Ukraynada ələ salıblar

Ukraynanın II Liqasında çıxış edən "Karpatı", klubun strategiyasını tənqid edən sabiq futbolçusu Yaroslav Dedanı ələ salıb.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçunun ittihamlarına rəsmi sayt vasitəsilə cavab verən Qaliç şəhərinin təmsilçisi üstüörtülü şəkildə onun bütün mənfi keyfiyyətlərini mətbuata açıqlayıb.

"Komandanın lideri ilə vidalaşmaq bizi çox kədərləndirdi. Amma başa düşdük ki, bu səviyyədə oyunçu daha yüksək divizionda oynamağa layiqdir. Yaroslavın forması gənc və kiçik klubumuzun çərçivəsinə heç bir şəkildə uyğun gəlmir. Onun intellekti isə ilkin strateji planlarımızı pozurdu", - məlumatda bildirilib.

Klub Dedanın artıq çəkidən əziyyət çəkdiyini və tez-tez spirtli içkilər qəbul etdiyini də özünəməxsus şəkildə işıqlandırıb: "Futbolçu ilə yaxşı rəftar etmədiyimizi etiraf etmək məcburiyyətindəyik. Klub həkimləri onun bütün zədələrinin artıq çəkidən qaynaqlandığına və bədən yağı faizinin bütün lazımi normaları aşdığına əmin olsalar da, buna inanmadıq. Müqaviləni ləğv etməzdən əvvəl Deda üzrlü səbəbdən üç həftəlik məşqi buraxmaq məcburiyyətində qaldı. Çünki boğaz ağrısı var idi. Pis niyyətli insanlar kinayə ilə onun soyuq pivə və digər alkoqollu içkiləri həddindən çox qəbul etdiyini desələr də, yenə inanmadıq. Məgər, ağıllı insan peşəkar futbolçunun bu qədər spirtli içki içdiyini və lokomotiv kimi siqaret çəkdiyini təsəvvür edə bilər? Bütün bunlar paxıl insanların böhtanları idi. Hər kəsdən israrla xahiş edirik ki, keçmiş oyunçu olsa belə, onun haqqında müxtəlif cəfəngiyatlar yaymasın".

Məlumatda həmçinin gənc forvardın çıxışı da qeyri-adi formada tənqid olunub: "O, nümunəvi hücumçu və komandanın lideri idi. Bütün taktika yalnız Deda üçün seçilirdi. Məşqçilər ona ikili mübarizələrə girməyi, müdafiəçilərə kömək etməyi və ya ümumiyyətlə, çox qaçmağı qəti qadağan etmişdilər. Futbolçu yalnız meydanın mərkəzindən açılaraq, təmiz toplarla oynamalı, qapıçı ilə üzbəüz qalmalı idi. Onlarla bu cür epizodu qaçırması isə önəmli deyildi. Bir dəfə baş məşqçi Dedanı sevimli mövqeyindən hücumun cinahına köçürməyə cürət etdi. O, burada davamlı qaçmalı, müdafiəyə qayıtmalı idi. Yaroslav da əsl kişi kimi qəzəbini bildirdi və cinahda oynamayacağını söylədi. Onun bu tələbi tamamilə adekvat və ədalətli idi. Əlbəttə, ona futbol psixoloqunun köməyini təklif etdik, amma Yaroslav bunun hamısının zəiflər üçün olduğuna qərar verdi və əlini yellədi. Görünür, komandanın vicdanlı üzvü olaraq büdcəyə qənaət etmək istəyirdi. Dedanın maaşının əvvəlcədən verilməsi və ya avans istəyi ilə mütəmadi olaraq kluba müraciət etməsi də normal hal idi. Başa düşürdük ki, belə səviyyəli oyunçuya hər şey olar".

"Karpatı" sonda Dedaya "uğurlar" arzulayıb: "Təcrübəsiz məşqçi və uğursuz rəhbərlik səbəbindən bu böyük oyunçunun potensialını ortaya qoya bilmədiyimiz üçün çox üzüldük. Buna görə də bütün səhvlərimizi etiraf edib, onu buraxdıq. Futbolçunun klubumuz haqqında bütün həqiqətləri söyləyəcəyindən çox qorxurduq, çünki utanırdıq. O, yorulmaz superpeşəkardır: əla çəkisi, mükəmməl sağlamlığı var, içki içmir, siqaret çəkmir, hər matçda het-trik edir, çox dəqiq və məsuliyyətlidir, komandanın bütün göstərişlərinə əməl etməyə hazırdır. Buna görə də Yaroslava klub haqqında xoşagəlməz söz söyləməməsini, ən qısa zamanda idman və fəlsəfi meyarlarına cavab verən klub tapmasını diləyirik. Əminik ki, bu, elit klub olacaq və heç bir tibbi müayinədən keçmədən forvardla müqavilə bağlayacaq, ona start heyətində və meydanın mərkəzində yer ayıracaq. Bizə cüzi məbləğdə təzminat ödəyəcək. Uğurlar, Deda. Bizi bağışla"!

Qeyd edək ki, Yaroslav Deda 2017/2018 mövsümündə "Qarabağ"ın formasını geyinib. Ukraynalı hücumçu Ağdam klubunun heyətində UEFA Gənclər Liqasının qrup mərhələsində İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" komandasına qol vurub. Deda "Karpatı"dan klubun inkişaf strategiyasını bəyənmədiyi üçün ayrıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi