"Sumqayıt"ın kapitanı: "Zubir qapımıza elə qol vurdu ki, illərlə yaddaşlarda qalacaq"

"Sumqayıt"ın kapitanı: "Zubir qapımıza elə qol vurdu ki, illərlə yaddaşlarda qalacaq" Deyiləcək bir söz yoxdur. Bizim üçün ağır məğlubiyyət oldu. Belə ağır məğlubiyyət barədə nə deyə bilərəm ki?!
Futbol
2 Aprel , 2019 14:32
Sumqayıtın kapitanı: Zubir qapımıza elə qol vurdu ki, illərlə yaddaşlarda qalacaq

"Deyiləcək bir söz yoxdur. Bizim üçün ağır məğlubiyyət oldu. Belə ağır məğlubiyyət barədə nə deyə bilərəm ki"?!

Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Premyer Liqanın XXII turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib. Oyunboyu ehtiyatda qalan 31 yaşlı futbolçu bunu baş məşqçi Ayxan Abbasovun qərarı adlandırıb: "Mən demirəm ki, biz meydana çıxsaydıq və oynasaydıq, hesab belə olmayacaqdı. Qabaqcadan bu barədə proqnoz vermək olmur. Baş məşqçi digər oyunçulara şans verdi. Şəhriyar Əliyev uzun zədədən sonra qayıdıb. Dünən həmçinin Elvin Bədəlov və Adil Nağıyev meydanda oldu. Bunlar baş məşqçinin seçimi idi, onlar da əllərindən gələni etdilər. Raillə mən meydanda olsaydım, bəlkə bundan da çox top buraxa bilərdik. Futboldur, əvvəlcədən proqnoz vermək olmur. Baş məşqçi güvəndiyi oyunçuları meydana buraxır. Burada böyüdüləsi bir şey yoxdur". 

Hüseynov özü ilə yanaşı, digər mərkəz müdafiəçisi Rail Məlikovun da ehtiyatda qalmasına toxunub. O, Məlikovla bir-birilərini  daha yaxşı başa düşdüyünü diqqətə çatdırıb: "Müdafiənin mərkəzindəki Elvin Bədəlov gənc və gələcəyi olan oyunçudur. Raillə isə 3-4 ildir ki, birgə oynayırıq. Kiminlə oynamaq istədiyim məsələsinə gəlincə, təbii ki, biz Raillə bir-birimizi daha yaxşı başa düşürük. O oynayanda hər bir oyunçu bir az rahat olur".

"Sumqayıt"ın aparıcı oyunçusu "Qarabağ"a ustalıq səviyyəsində uduzduqlarını da etiraf edib: "Düzdür, biz də yaxşı oynamadıq. Demək olar ki, matça yaxşı başlamışdıq. Amma rəqibin oyunçuları səviyyə baxımından bizi çox üstələyirdilər. Zubir qapımıza elə qol vurdu ki, illərlə yaddaşlarda qalacaq. Ümumiyyətlə, rəqib futbolçular 7 dəfə qapımıza gəldilər və 6 qol vurdular. Bu isə onların səviyyəsindən və ustalığından xəbər verir. "Qarabağ"la bizi müqayisə etmək düzgün deyil. Bizim kollektivdə də yaxşı oyunçular var. Elvin Məmmədov və Əfran İsmayılovu buna misal göstərə bilərəm. Amma yenə təkrar edirəm ki, komandaları müqayisə etmək düzgün deyil. Çünki onların səviyyəsi bizdən çox yuxarıdır. "Sumqayıt"da 1-2 futbolçu yuxarı səviyyədədirsə, "Qarabağ"da 15-16 oyunçu belədir".

Müdafiəçi çempionatın növbəti turlarında "qara zolaq"dan çıxmaq şanslarına da toxunub: "Qarabağ"la oyundakı məğlubiyyət bizim üçün şok oldu. Heç kim 0:6 hesabı ilə məğlub olacağımızı gözləmirdi. Qarşıda "Keşlə" ilə matçımız var. Bu məğlubiyyəti yaddan çıxarmağa məcburuq. Növbəti oyuna hazırlaşmalıyıq. Düşünürəm ki, bu matç çempionatda bizim üçün son şanslardan biridir".

Hüseynov komandanın ölkə kubokunda da mübarizə apardığını, lakin "Zirə" ilə yarımfinal görüşünə kimi çempionatda vacib 3 oyunlarının olacağını bildirib: "Təbii ki, kubok matçı fikrimizdədir. Amma çempionatda da yaxşı nəticə qazanmaq istəyirik ki, kubokdakı qarşılaşmalara hazır olaq". 

Son xəbərlər

Orphus sistemi