"Hər matçın öz tarixçəsi olur və biz buraya baxımlı oyun sərgiləməyə gəlmişik".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Braziliyalı yarımmüdafiəçi matça hazır olduqlarını bildirib: "Yaxşı oyun sərgiləmək üçün hər cür imkanımız var. Meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Hər gün bunun üzərində işləyirik".
26 yaşlı oyunçunun sözlərinə görə, avrokuboklarda çıxış etmək unikal hissdir: "Matçlardan öncə səslənən musiqi, böyük klublara və futbolçulara qarşı oynamaq - bunları sözlə ifadə etmək olmur. Öz arzumu həyata keçirirəm. Bu cür qarşılaşmalarda futbolçu kimi daha çox inkişaf edirsən".
Borges "Qarabağ" komandası ilə ilk tanışlığı zamanı təəccübləndiyini gizlətməyib: "Biz klub yox, ailəyik. İşlərimiz yaxşı getsə, məqsədlərimizə çatacağıq".
Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.