"Qarabağ"ın kapitanı: "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm"

"Qarabağ"ın kapitanı: "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm" Sumqayıt son turlarda yaxşı oyun nümayiş etdirir. Bizim komandanın əksər üzvləri millidədir. Demək olar ki, yalnız dünən komanda ilə birgə tam şəkildə məşq etmişik.
Futbol
22 Noyabr , 2019 23:30
Qarabağın kapitanı: Sumqayıtın qələbəsinə kölgə salmaq istəmirəm

"Sumqayıt" son turlarda yaxşı oyun nümayiş etdirir. Bizim komandanın əksər üzvləri millidədir. Demək olar ki, yalnız dünən komanda ilə birgə tam şəkildə məşq etmişik".

"Report" xəbər verir ki, bunları "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

37 yaşlı müdafiəçi milli komandanın oyunlarından sonra hər zaman çətinlik çəkdikərini vurğulayıb: "Buna qədər 7-8 nəfərlə hazırlıq keçirdik. Biz hər zaman millinin toplanışlarından sonra çətinlik çəkmişik. Oyunumuz ya ağır alınıb, ya da ümumiyyətlə, əziyyət çəkmişik. Bunu bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. "Sumqayıt" bu gün, xüsusilə də ikinci hissədə, yaxşı oyun nümayiş etdirdi. Əksinə, bizim isə fasilədən sonra oyunumuz alınmadı.

- İkinci dövrədə 5 oyunda cəmi 1 qələbə qazana bilmisiniz.

- Çox sıx qrafikdə oynayırıq. Artıq komandada yorğunluq hiss olunur. İlk hissədən fərqli olaraq, ikinci yarıda tempimiz bir qədər aşağı düşdü. Hamısı yorğunluqdan irəli gəlir. İyun ayından bu yorğunluq yavaş-yavaş yığılıb və son oyunlarda özünü hiss etdirir.

- Qarşıda sizi Avropa Liqasında "Sevilya" ilə ağır səfər oyunu gözləyir. Komandanın yorğunluğu mənfi təsir edəcək?

- Ümid edirəm ki, mənfi təsirini göstərməz. Toparlanmaq lazımdır. Başa düşürük ki, bizim üçün vacib oyundur. Əlimizdən gələni edəcəyik. Aydın məsələdir ki, "Sevilya" ilə oynayırıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xalla qayıdaq.

- Sonda hakim Rauf Cabbarova nəyi isə izah etməyə çalışırdınız?

- Birinci hissədəki epizodla bağlı soruşurdum. Vüqar Mustafayevə ikinci sarı vərəqəni verməyi düşündü, yaxınlaşanda sanki yadına düşdü ikincidir, göstərmədi. Mənə elə gəldi. Soruşdum ki, orda niyə vermədin, burda verdin?

- İsmayıl İbrahimliyə göstərilən qırmızı vərəqə ilə bağlı nə deyə bilərsiniz?

- Epizodu görmədim, baxmaq lazımdır. Hakimlər əminliklə "qırmızı, qırmızı" dedilər. Baxmaq lazımdır.

- Qapınıza vurulan hər iki qol oxşar oldu.

- Hər iki epizodda hücuma çıxarkən top itkisi baş verdi. Xüsusən də 1-ci qolda. Bilirdik ki, oyunu əsasən əks-hücumlarda quracaqlar. Birinci hissədə ona imkan vermirdik. Amma ikinci yarının əvvəlində çox top itkilərimiz oldu və ondan istifadə etdilər. Hücuma çıxanda top itkilərinə yol verirsənsə, arxada boşluqlar olacaq. Birinci qolu elə buraxdıq. İkinci qol bir az fərqli oldu. Səhvlərimi tutdular.

Son xəbərlər

Orphus sistemi