Qara Qarayev: "Oyuna motivasiya olmaq çox çətindir"

Qara Qarayev: "Oyuna motivasiya olmaq çox çətindir" "Ötən turda Monteneqroya məğlubiyyət bir az narahatlıq yaradıb. Hazırda diqqətimizi bu matça yönəltmişik".
Futbol
12 Oktyabr , 2020 20:26
Qara Qarayev: Oyuna motivasiya olmaq çox çətindir
Qara Qarayev

"Ötən turda Monteneqroya məğlubiyyət (0:2) bir az narahatlıq yaradıb. Hazırda diqqətimizi bu matça yönəltmişik".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının IV turunda Kiprə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, Kipr seçməsində müəyyən dəyişikliklər olub: "Rəqibi analiz etmişik və yetəri qədər məlumat toplamışıq. Əlimizdən gələni edəcəyik ki, sabah 3 xalı evə aparaq".

Qarayev cəbhədə baş verən proseslər haqqında danışıb. O, bütün diqqətlərinin Azərbaycanda olduğunu sözlərinə əlavə edib: "Hazırda oyuna motivasiya olmaq çox çətindir. Bizim üçün ən önəmli olan hazırkı durumdur. Ən vacib məsələlərdən biri budur. Otaqda olarkən daim gözümüz telefonda olur. Məlumatlar əldə etmək istəyirik. Bu, bəzən bizi matça köklənməkdə dayandıra bilir. Fikrimiz oradadır. Qardaşlarımız, Ordumuz müharibədədir. Bacardığımız qədər oyuna köklənməyə çalışırıq. İşimizi unutmaq istəmirik, biz də çalışırıq ki, hazırkı məsələ bizə ruh yüksəkliyi versin və matça daha yaxşı hazırlaşaq. İnanıram ki, sabahkı oyunda bu məsələlər bizə ruh yüksəkliyi verəcək. Dərk edirik ki, qalibiyyətimiz xalqa hansı sevinci yaşadacaq".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi