Qara Qarayev: "Baş hakim məni balansı qorumaq üçün kənarlaşdırdı" - MÜSAHİBƏ

Qara Qarayev: "Baş hakim məni balansı qorumaq üçün kənarlaşdırdı" - MÜSAHİBƏ "Növbəti matçlarda daha yaxşı çıxış edəcəyik"
Futbol
12 İyul , 2018 18:11
Qara Qarayev: Baş hakim məni balansı qorumaq üçün kənarlaşdırdı - MÜSAHİBƏ

Bakı. 12 iyul. REPORT.AZ/ Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin Sloveniyadakı ilk oyununda “Olimpiya”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın futbolçusu Qara Qarayev “Report”un suallarını cavablandırıb. Uzatma dəqiqələrində qırmızı vərəqə alan 26 yaşlı yarımmüdafiəçi əvvəlcə matçı dəyərləndirib...

- Oyun düşündüyümüz kimi alındı. Qarşılaşmanın ağır keçəcəyini, rəqibin öz oyununu əks-hücumlar üzərində quracağını bilirdik. Bunun qarşısını almağı bacardıq. Lakin 1:0 hesablı səfər qələbəsi mərhələ adlamağımız demək deyil. Bizi Bakıda daha ciddi sınaq gözləyir. Artıq komandalar bir-birilərini tanıdıqlarından, hər iki tərəf üçün oynamaq daha asan olacaq.

- Sloveniyada bu ölkə üçün xarakterik olan yağışlı havada oynadınız. Bakıda isə əksinə, komandaları isti, bürkülü hava gözləyir. Sizcə, bu amil oyuna nə dərəcədə təsirini göstərəcək?

- Yəqin ki, rəqibə daha çox təsir göstərə bilər. Bakıya onlardan tez gəldiyimizdən, belə hava şəraitinə uyğunlaşacağıq. Lakin bu amil də görüşün bizim üçün rahat keçəcəyi anlamına gəlmir. Rəqib də vəziyyəti bilir və buna uyğun addımlar atacaq.

- Lyublyanadakı oyun bir qədər sönük keçdi. Düşünmürsünüz ki, komandanız yeni transferlərə görə hələ öz oyununu tam tapa bilməyib?

- Bunun yeni futbolçularla bağlı olduğunu düşünmürəm. ÇL-in ilk oyunları ağır olur. Həm rəqib, həm də biz təlim-məşq toplanışından gəlmişik, formamızı tam bərpa etməmişik. Ona görə bəzi problemlər yaşayırıq. Yəqin ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik.

- Start heyətində də dəyişikliklər var idi. Əsas heyətdə görməyə adət etdiyimiz bəzi futbolçular ehtiyatda qalmışdılar. Düşünmürsünüz ki, bu addım meydana daha sürətli futbolçuları buraxmaq üçün atılmışdı?

- Kimin oynayıb, kimin oynamaması mənim öhdəmə düşən məsələ deyil. İstər əsas heyətdə yer alanlar, istərsə də ehtiyatda olanlar komandanın oyun tempini qaldıra biləcək futbolçulardır. Kimlərin oynayacağına baş məşqçimiz qərar verir. “Kimsə oynasaydı, daha sürətli olardıq” söyləmək bizə düşməz. Bunun qərarını Qurban Qurbanov qəbul edir.

- İlk matçda iki sarı vərəqdən sonra “qırmızı” aldığınız üçün cavab görüşündə meydana çıxa bilməyəcəksiniz...

- ÇL-də dəfələrlə bundan da sərt və aqressiv oynamışam, lakin vərəqə görməmişəm. İlk “sarı”da kobudluqdan söhbət gedə bilməzdi, həm də çox erkən göstərdi. Vərəqəlik bir şey etməmişdim. “Qırmızı” almağım məni qane edə bilməz. Hər qarşılaşmada meydanda olmaq və komandama kömək etmək istəyirəm. Bəzən belə də olur ki, istəmədiyimiz anda kobudluq edirik.

- Baş hakim daha əvvəl - 85-ci dəqiqədə rəqibin futbolçusu İssa Abassa qırmızı vərəqə göstərmişdi. Referinin sizi say balansını qorumaq üçün meydandan kənarlaşdırdığını düşünmürsünüz?

- Mən bununla əlaqələndirərdim. Epizod olan kimi ikinci sarı vərəqəni göstərəcəyini düşündüm. Bu, gec də olsa, rəqibin rəğbətini qazanmaqdan ötrü fürsət idi. Ümumiyyətlə, hakimlikdən danışmaq istəmirəm. Amma bəzi epizodlarda sarı vərəqə verməyə tələsdi. Dünya səviyyəli hakimlər oyunun əvvəlində sarı vərəqə göstərərək futbolçunu qorxutmaq istəmirlər. Sözsüz ki, açıq-aşkar kobudluq olduqda buna məcburdurlar. Amma kəskin aqressivlik göstərməmişdim ki, mənə sarı vərəqə göstərsin. 

- Komandanızda hücumçuların az olmasının cavab matçında problem yaradacağını düşünmürsünüz?

- Hazırda hücum xəttində Mahir Mədətov oynayır. Mahir oynaya-oyanaya hücumda qıtlığın olmasını, epizod yarada bilmədiyimizi demək düzgün çıxmaz. O, əlindən gələni edir ki, öndəki problemi aradan qaldıraq. Üzərində çox çalışır, matçlarda əzmkarlıq nümayiş etdirir. Cavab qarşılaşmasında hücumla bağlı problemimizin olacağını düşünmürəm. Bir müddətdir ki, öz azarkeşlərimizin önündə oynamırıq. Bu da komandamız üçün xüsusi bir motivasiya olacaq və daha yaxşı oynamağa çalışacağıq.

- Paralel olaraq Albaniyada keçən oyunda “Qarabağ”ın II təsnifat mərhələsindəki potensial rəqibləri “Kukesi” ilə Maltanın “Valetta” qolsuz heç-heçə etdilər. Bu komandalardan hansını növbəti mərhələdə görmək istərdiniz?

- Biz hələ mərhələni keçməmişik (gülür). Arxı keçməmişik, o biri rəqiblərdən danışırıq. Əsas öz oyunumuza yönəlməliyik. Növbəti mərhələyə yüksəlsək, hansı komanda düşsə, öz adımıza yaraşan şəkildə mübarizə aparmağa, azarkeşlərimiz, ölkəmiz üçün uğur qazanmağa çalışacağıq. 

Son xəbərlər

Orphus sistemi