Prosineçki: "Şimali İrlandiyaya məğlubiyyət mənim üçün faciə olmayacaq" - MÜSAHİBƏ

Prosineçki: "Şimali İrlandiyaya məğlubiyyət mənim üçün faciə olmayacaq" - MÜSAHİBƏ "Məqsədimiz yaxşı oyun sərgiləyərək, Bakıya xalla dönməkdir"
Futbol
11 Noyabr , 2016 00:05
Prosineçki: Şimali İrlandiyaya məğlubiyyət mənim üçün faciə olmayacaq - MÜSAHİBƏ

Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ "Sabah komandamızı böyük oyun gözləyir. Seçmə mərhələyə yaxşı başladığımızı nəzərə alaraq, əhval-ruhiyyə yüksəkdir. Bura oynamağa gəlmişik. Məqsədimiz yaxşı oyun sərgiləyərək, Bakıya xalla dönməkdir. Bizi çətin oyun gözləyir. Rəqibimiz AVRO-2016-nın seçmə qrup matçında çıxış edib. Hazırlığımız yaxşı keçib. Rəşad Sadıqov zədəli olduğu üçün meydana çıxmayacaq. Qalan 24 futbolçu matça hazırdır".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

Rəşad Sadıqovun vəziyyəti necədir: Hazırda komanda ilə birgədir, yoxsa düşərgədən müalicəyə yollanıb?

- Rəşadın zədəsi köhnədir, təzə deyil. Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən məşqlərə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq.

Heyəti açıqlamaq fikriniz var?

- Bilirəm ki, hamı hazırda bunu gözləyir. Həmişə heyəti mətbuat konfransında açıqlamışam. İndi də burada deyəcəyəm: Kamran Ağayev, Arif Daşdəmirov, Maksim Medvedev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov, Ruslan Qurbanov.

Dəniz Yılmazın yığmamızı gücləndirə biləcəyini düşünürsünüz?

- Mən bu barədə ətraflı məlumat vermək istəmirəm. Şadam ki, indi o, millidədir. Azarkeşlərin fikirlərinə münasibət bildirmək istəmirəm. O, 2 gündür bizimlədir. Türkiyə Super Liqasında çıxış edən oyunçudur. 23 oyunçu arasında yer alacaq. Görək, 90 dəqiqə ərzində nələr baş verəcək.

Yığmamızın 3 oyundan 7 xal qazanması komandamıza əlavə təzyiq yaratmır ki?

- İki il əvvəl bura gələndə deyirdim ki, bu komandanın potensialı güclüdür, vaxt gələcək sürpriz edəcək. İndi həmin vaxt yetişib. Avropada hamı soruşur ki, nə baş verir? Mən də deyirəm ki, heç nə. Komanda öz oyununu sərgiləyir. Komandamızın keyfiyyəti yüksəkdir. Sabah da komandamdan yaxşı oyun gözləyirəm. Amma məğlub da ola bilərik. Bu, mənim üçün faciə olmayacaq.

Atletik oyun sərgiləyən komandaya qarşı lazımı səviyyədə mübarizə aparmaq mümkün olacaqmı?

- Mən oyunçularımı uzada bilmərəm ki, 2 metr boyları olsun. Olan materialdan istifadə etməliyik. Çalışmalıyıq ki, onların potensialından istifadə edək. Rəqibin güclü keyfiyyətlərindən yararlanmalarına imkan verməməliyik. Komandamızın fiziki vəziyyətinə gəldikdə, futbolçularım 3 günə 2 oyunu necə sərgilədiklərini Norveç və Çexiya ilə qarşılaşmalarda sübut ediblər. Bizim də öz oyun sirrimiz var, ondan yararlanacağıq.

Emin Mahmudovun ilk dəqiqələrdən meydana çıxması diqqət çəkir. O, hansı keyfiyyətlərinə əsasən, "11-lik"də yer alacaq. Oyun praktikasının yoxluğu oyununa mane olmayacaq?

- Elə keyfiyyətlər gördüm ki, onu start heyətə daxil etdim. Mahmudov özünü toplanışda müsbət tərəfdən göstərdi. Təəssüf ki, "Boavişta"da oynamır. Ramil Şeydayev barədə də Çexiya ilə oyunda eyni vəziyyət yaranmışdı. Emin mənim "kozır"ım olacaq. Oynaya bilməsə, əvəzləmək imkanım olacaq. 24 futbolçunun hamısı heyətə düşə bilər. Ehtiyatdakı futbolçular da hər an meydana çıxmağa hazırdır. Ehtiyatda həm gənc, həm də təcrübəli oyunçular var. Dörd ay əvvəl seçim imkanı yox idi. İndi isə belə imkanın olması yaxşı haldır. Görək sabah 90 dəqiqə necə olacaq. Oyundan sonra burada görüşüb yenə söhbət edəcəyik.

Son xəbərlər

Orphus sistemi