Azərbaycan çempionu və bürünc mükafatçı müəyyənləşir

Azərbaycan çempionu və bürünc mükafatçı müəyyənləşir Günün ilk 3 matçı eyni saatda start götürəcək
Futbol
1115
19 May , 2021 07:30
Azərbaycan çempionu və bürünc mükafatçı müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu - XXVIII turun ardından çempion və digər mükafatçılar bəlli olacaq.

Günün ilk 3 matçı eyni saatda start götürəcək. Mövsümə çempionluğun taleyinə aydınlıq gələcəyi "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Bürünc medala iddialı "Sumqayıt" "Səbail"in qonağı olacaq. "Gənclik şəhəri" təmsilçisi 36 xalla 4-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda 3-cü yerdəki "Zirə"dən iki xal geridədir. "Səbail" isə 24 xalla 7-cidir.

Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Bunların 6-da qonaqlar, 5-də paytaxt klubu qələbə qazanıb. Topların fərqində də "Sumqayıt" üstündür - 14:12. Rəqiblər arasında son 6 matçda ən azı 2 qol vurulub. "Gənclik şəhəri" təmsilçisi son 4 oyunda meydanı qolsuz tərk etməyib.

Bürünc mükafatın digər iddialısı "Zirə" səfərdə "Sabah"la qarşılaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda hazırda 38 xalla üçüncü sıradadır. "Sabah" isə 26 xalla 5-cidir.

Çempionatda əvvəlki 10 oyunun 3-də "Zirə", 4-də isə "Sabah" 3 xal qazanıb. Topların fərqində "Sabah" minimal üstünlüyə malikdir - 13:12. “Zirə” son 7 matçda rəqibinə yalnız 1 dəfə uduzub. “Sabah” son üç ev qarşılaşmasında qalib gələ bilməyib.

"Zirə" avrokuboklara vısiqə verən 3-cü pillədəki yerini qorumaqdan ötrü qalib gəlməlidir. "Qartallar" xal itirəcəkləri təqdirdə, "Sumqayıt"a bürünc medal qazanmaqdan ötrü yalnız qələbə kömək edə bilər.

Digər matçda Premyer Liqanın autsayderi "Keşlə" "Qəbələ"ni qəbul edəcək. Əyalət təmsilçisi 26 xalla 6-cı, paytaxt klubu ilə 23 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Bu oyun sonuncu pillənin sahibinin adına aydınlıq gətirmək baxımından önəmlidir.

Əvvəlki 50 qarşılaşmanın 18-də "Keşlə", 14-də isə "Qəbələ" qələbə qazanıb. Topların fərqində də meydan sahibləri aşkar üstündür - 65:50. “Keşlə”nin meydanındakı son 6 matçda hər iki komanda qol vurub. “Qəbələ” son 6 qarşılaşmada yalnız bir dəfə qalib gəlib.

Nəhayət, günün əsas oyununda "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Paytaxt təmsilçisi son tura qədər 56, Ağdam klubu isə 57 xal toplaya bilib. Flaqman çempionluq üçün mütləq qələbə qazanmalıdırsa, "köhlən atlar"a heç-heçə də sərf edir.

Əzəli rəqiblər indiyədək ölkə çempionatlarında 82 dəfə üz-üzə gəlib. Bunların 30-da "Qarabağ", 22-də isə "Neftçi" 3 xal qazanıb. Topların fərqində də əyalət təmsilçisisinin üslünlüyü var - 92:75. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son 3 oyunda rəqibinə qol vurub. “Neftçi” isə son 3 səfərdə uduzmayıb.

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”

18:00. “Sabah” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Bank Respublika Arena”

18:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

20:30. “Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Dalğa Arena”.

Son xəbərlər

Orphus sistemi