Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.
Hər iki görüşdə paytaxt təmsilçisi bölgə komandasını qəbul edəcək.
Günün ilk qarşılaşmasında autsayder “Səbail” debütant “Turan Tovuz”la üz-üzə gələcək. Bakılılar bu matçda həm rəqibi üzərində ilk qələbəsini qazanmağa, həm də turnir cədvəlinin son pilləsindən qurtulmağa çalışacaqlar. Tovuz təmsilçisi isə ilk “dördlüy”ə iddiasını davam etdirmək üçün mütləq qalib gəlməlidir.
Hazırda “Turan Tovuz” 27 xalla altıncı pillədə qərarlaşırsa, sonuncu yerdəki “Səbail”in aktivində 17 xal var.
55 xalla üçüncü sırada yer alan “Neftçi” uzun zaman sonra Premyer Liqada çıxışını bərpa etmiş “Kəpəz”i sınağa çəkəcək. “Ağ-qaralar” son beş dueldə məğlub etdiyi rəqibi önündə yenə favoritdir. Gəncəlilər isə 6 ildən sonra ilk dəfə “Neftçi”yə qalib gəlməyə çalışacaqlar. “Kəpəz” axırıncı dəfə 2017-ci ilin aprelində bakılıları məğlub etməyi bacarıb.
Tərlan Əhmədovun kollektivi hazırda 21 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alır.
Premyer Liqa
XXVII tur
16 mart (cümə axşamı)
16:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”
19:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" isə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Tura martın 17-də keçiriləcək "Qəbələ" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.