Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçiriləcək.
“Report” xəbər verir ki, ikinci oyun günündə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.
Gəncə şəhər stadionunda baş tutacaq görüş hər iki tərəf üçün böyük önəm daşıyır. Yunis Hüseynovun rəhbərliyi altında çıxdığı ilk matçda “Qəbələ”yə 1:6 hesabı ilə uduzan “Kəpəz” təsəllini Azərbaycan Kubokunun 1/8 finalında “Binə”ni 3 cavabsız qolla üstələməklə tapıb. Elə “Sumqayıt” da ötən tur evdə “Səbail” ilə qolsuz heç-heçənin ardından Kubokda “Sabah”a gücünü göstərıb -3:0.
Bu kollektivlər arasında ilk dövrədə baş tutan qarşılaşmada “Sumqayıt” qalib gəlib. Gəncəlilər Amil Yunanovla Cavid İmamverdiyevin qollarına Viktor Oseqeylin bir dəqiq zərbəsi ilə cavab veriblər. “Kəpəz” bu rəqiblə çempionatdakı 18-ci dueldə qalib gələcəyi halda, ümumi hesabda bərabərlik yaranacaq – hərəyə 6 qalibiyyət.
“Kəpəz”in heç vaxt öz meydanında sumqayıtlılara uduzmadığını qeyd etmək yerinə düşər. Üstəlik, qonaqlar son 3 səfərdə qol da vura bilməyib.
İlk oyun günündə “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. XIV tura dekabrın 3-də keçiriləcək “Qəbələ” – “Kəpəz” və “Səbail” – “Zirə” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
2 dekabr
14:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu