Polşada oynamış futbolçu: "Emreliyə necə məsləhət verəcəyimi bilmirəm"

Polşada oynamış futbolçu: "Emreliyə necə məsləhət verəcəyimi bilmirəm" "Rəqib çox çətin komanda olsa da, yaxşı oynadığımızı düşünürəm"
Futbol
19 Yanvar , 2022 17:22
Polşada oynamış futbolçu: Emreliyə necə məsləhət verəcəyimi bilmirəm
Fernan Lopes

"Rəqib çox çətin komanda olsa da, yaxşı oynadığımızı düşünürəm".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Fernan Lopes Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib.

Komandasının yeganə qoluna imza atmış ispaniyalı yarımmüdafiəçi rəqibi Polşada oynadığı dövrdən yaxşı tanıdığını bildirib: "Ona görə matçın asan olmayacağını bilirdim. Amma düşünürəm ki, birinci hissədə onlardan daha yaxşı idik. Əsas odur ki, komanda fasilədən əvvəl olduğu kimi, rəqabətə davamlıdır. Vurduğum qola gəlincə, buna görə şadam. Fərqlənmək hər zaman inam verir".

Toplanışın yaxşı keçdiyini söyləyən 27 yaşlı oyunçu bunun çempionata hazırlaşmaq üçün ən yaxşı variant olduğunu vurğulayıb: "Burada diqqətimizi məşq və oyunlara yönəltmək üçün yaxşı yeyib dincələ bilirik. Komandanın vəziyyəti gündən-günə yaxşılaşır. İlk yoxlama matçında da inamlı mübarizə apardıq. Qarşıdakı günlərdə vəziyyətimizi daha da yaxşılaşdıracağıq".

2019/2020 mövsümündə də "Qəbələ"nin formasını geyinmiş Lopes hazırkı komandanın daha yaxşı olduğunu qeyd edib: "Həmin dönəmdə də yaxşı oyunçularımız var idi. Amma indi daha möhkəm komanda olduğumuzu düşünürəm. Əlbəttə, mənim üçün bu dəfə uyğunlaşma çox asan oldu, həm də bu il soyunub-geyinmə otaqlarının atmosferi çox yaxşıdır. Fikrimcə, bu, uğurlu nəticələr qazanmaq baxımından çox vacibdir".

Əyalət təmsilçisinin turnir cədvəlinin 2-ci pilləsində yer almasına münasibət bildirən futbolçu deyib ki, hədəfləri avrokuboklara vəsiqədir: "Fasilədən sonra da belə çıxış etsək, avrokuboklara vəsiqə uğrunda mütləq mübarizə aparacağıq. Bu, bizim məqsədimizdir və sonadək vuruşacağıq".

Yarımmüdafiəçi hazırda başqa təkliflər barədə düşünmədiyini əlavə edib: "İndi bütün fikrimi hazırlığa, meydanda komandaya kömək etməyə yönəltmişəm. Başqa şeylər haqqında heç nə düşünmürəm".

Ötən mövsümü Polşa "Yagelloniya"sında keçirmiş Lopes "Legiya"dan ayrılmaq istəyən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin məsələsinə də toxunub: "Emreli ilə bağlı nə baş verdiyini bilmirəm. Amma mən orada olanda azarkeşlər klubumuza çox dəstək verirdilər. Sadəcə, pandemiyaya görə bu dəstəyi tribunalarda çox hiss edə bilmədim. Çünki fanatları stadionlara buraxmırdılar. Lakin hansısa futbolçunu şəhərdə görəndə, ona dəstək olurdular. Stadiona giriş icazəsi verildikdən sonra isə tribunalarda çox gözəl ab-hava yaradırdılar. Emreliyə necə məsləhət verəcəyimi bilmirəm. Güman edirəm ki, ya "Legiya"da qalacaq, ya da ona hara rahatdırsa, ora da gedəcək".

Son xəbərlər

Orphus sistemi