"O dönəmdəki "Böyük oyun"dansa hazırkı Azərbaycan derbisi daha maraqlıdır" - MÜSAHİBƏ

"O dönəmdəki "Böyük oyun"dansa hazırkı Azərbaycan derbisi daha maraqlıdır" - MÜSAHİBƏ Qarabağın futbolçusu Rahil Məmmədovun Neftçi ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur matçından əvvəl Reporta müsahibəsi
Futbol
6 Fevral , 2020 10:13
O dönəmdəki Böyük oyundansa hazırkı Azərbaycan derbisi daha maraqlıdır - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Rahil Məmmədovun "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur matçından əvvəl "Report"a müsahibəsi

- Çempionatın ikinci yarısına çətin qələbə ilə başladınız. XV turda səfərdə autsayder "Səbail"i 1:0 hesabı ilə məğlub etdiniz qarşılaşmada zəif təsir bağışladığınızı düşünmürsünüz? 

- Bizim üçün vacib olan 3 xalı əldə etdik. Fasilədən sonra birinci matç həmişə çətin olur. İndi də bizim üçün çətin idi. Əsas odur ki, komanda nizam-intizamlı oyun sərgilədi. Futbolçular bu intizamı qoruyub saxladılar. Son nəticədə isə istədiyimiz 3 xalı qazana bildik.

- Bu görüşdə iştirak etməməyinizin səbəbi nə idi? 

- Zədəliyəm. Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının sonlarında xəsarət aldım. Onunla da məşqləri saxladım. Zədəmlə bağlı heç nə dəqiq deyil. Hazırda fitnes zalında məşq edirəm.

- Artıq ən yaxın izləyicinizlə xal fərqi 8-ə yüksəlib. Demək olarmı ki, yenə çempionluğu "Qarabağ" qazanacaq? 

- Öncədən heç nə demək olmur. Qarşıda çətin oyunlarımız var. Əsas istəyimiz çempionluqdur. Məhz buna görə hər oyuna belə bir hədəflə çıxırıq.

- Qarşıda əsas rəqibiniz "Neftçi" ilə matç var. Hər iki dövrədə rəqib sizi məğlub edə bilməyib. Növbəti qarşılaşmadan gözləntiləriniz nədir? 

- Çox da deyə biləcəyim bir şey yoxdur. Zədə səbəbindən qarşıdakı görüşdə iştirak etməyəcəyəm. "Neftçi"də artıq yeni baş məşqçi var. Baxmayaraq ki, o, komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Füzuli Məmmədov baş məşqçi postunda özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Düşünürəm ki, bu səbəbdən rəqib istəkli olacaq. Biz də istəkliyik, yaxşı oyunlarımızdan birini göstərib qələbə qazanmalıyıq.

- Qələbə qazanacağınız təqdirdə, "Neftçi" ilə xal fərqi 11-ə yüksələcək. Bununla da çempionluğun taleyi böyük ölçüdə həll olunacaqmı? 

- Mən belə düşünmürəm. Çempionluq haqqında danışmaq hələ tezdir. İrəlidə çox oyunumuz var. Düşünürəm ki, çempion olub-olmayacağımız son turlarda bəlli olacaq. İndidən nəsə demək çox tezdir.

- Azərbaycanlı futbolçular ölkə xaricinə getməkdə çətinlik çəkirlər. Siz necə, ölkədən kənarda çıxış etmək istəyirsiniz: Belə bir təklif olubmu? 

- Bu barədə danışılacaq çox şey yoxdur. Çünki hələ ki, 24 yaşım var. Karyeramın yarısından çoxu qabaqdadır. "Neftçi", "Səbail", "Qarabağ" və milli komandada çıxış etmişəm.

- Yəni, təklif olsa, getmək istəyirsiniz? 

- O əsasən təklifə baxır. Hardan və necə olunur

- "Qarabağ" qış transfer dönəmində yalnız İspaniya "Leqanes"indən Ovusu Kvabenanı heyətinə qatıb. Kvabena ilk baxışda sizdə necə təsir bağışladı? 

- O, komandaya gələndən mən məşqləri dayandırmışam. Ona görə də bir söz deyə bilməyəcəyəm. Ümumiyyətlə Ovusunu izləməmişəm.

- Riçard Almeyda və Dani Kintana kimi oyunçular komandadan gedib. Baş məşqçi Qurban Qurbanov hazırda heyətdə gənclərə də şans verir. Bu, avrokubok hədəflərinizə necə təsir edə bilər? 

- Əvvəla komandamızı tərk edən bütün oyunçulara gələcək karyeralarında uğurlar arzu edirəm. Almeyda da, Kintana da "Qarabağ" üçün vacib futbolçu idi. Amma əvəzolunmaz oyunçu yoxdur. Komandadakı gənclər də pis təsir bağışlamırlar. Avrokuboklarda və çempionatda, ümumiyyətlə gələcək oyunlarda necə təsir bağışlayacaqlarını zaman göstərəcək.

- "Neftçi"nin də formasını geyinmisiniz. "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmaları "Qarabağ" - "Neftçi" matçlarından daha baxımlı olurdu. Sizcə, bunun səbəbi nədir? 

- Mən "Neftçi"də əsas heyətdə çıxış etməyə başlayanda klubun rəhbərliyində dəyişikliklər baş verirdi. "Xəzər Lənkəran"da da maliyyə problemləri var idi. Mən oynadığım vaxtlarda derbi elə də yüksək səviyyədə deyildi. O dönəmdəki "Böyük oyun"dansa hazırkı Azərbaycan derbisi daha maraqlıdır. Amma əvvəl "Neftçi" - "Xəzər Lənkəran" oyunları daha maraqlı olurdu. Həmin vaxtlar əsas heyətdə yox idim. Ona görə də dərin bir şey deyə bilməyəcəyəm.

Son xəbərlər

Orphus sistemi