Nizami Hacıyev: "Xaricə getmək mənasızdır" - MÜSAHİBƏ

Nizami Hacıyev: "Xaricə getmək mənasızdır" - MÜSAHİBƏ "Keşlə"nin kapitanı brifinq keçirib
Futbol
25 Noyabr , 2017 23:32
Nizami Hacıyev: Xaricə getmək mənasızdır - MÜSAHİBƏ

Bakı. 25 noyabr. REPORT.AZ/ "Keşlə" komandasının kapitanı Nizami Hacıyev səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra brifinq keçirib.

29 yaşlı yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb...

- Komandanız sanki ikinci hissədə özünə gəlməyə başladı. Amma həmin vaxt meydanda deyildin...

- Görünür, mən artıq komandaya mane oluram, getməyin vaxtıdır.

- Özün istəyirdin, yoxsa söz atdılar ki, əvəzlənəsi oldun?

- Xeyr, mənə heç kim o sözü deyə bilməz. Bu komandanın şərəfini 8 il qorumuşam. Bir adam da deyə bilməz ki, "Keşlə"nin oyununda hansısa nöqsana yol vermişəm. Əlbəttə, top itkiləri ola bilər. Bu, futboldur. Böyük futbolçular da belə top itkilərinə yol verirlər. Amma insanlıq, xarakter baxımından heç kim Nizamini hardasa nələrsə etdiyini iddia edə bilməz.

- Elə isə əvəzlənməyin nə ilə bağlıdır?

- Dəqiq deyə bilmərəm. Baş məşqçidir, dəyişir. Bu, onun işidir. İşinə qarışmaq istəmirəm. Mənə şans verdiyi müddət ərzində özümü sübut etməli idim. Belə çıxır ki, meydanda olduğum dəqiqələrdə özümü yaxşı tərəfdən göstərmədiyimdən, baş məşqçi məni dəyişdi. Bunu normal qarşılayıram.

- Doğrudanmı fikrində getmək olduğu üçün oyunun belə alınır?

- Deməzdim ki, bugünkü oyunda gedib-getməməyi fikirləşirdim. Hansısa işlə məşğul olmuşamsa, 100 faizli olmasını istəmişəm. Qarşıda ölkə kubokunun 3, Premyer Liqanın 1 oyunu qalıb. Gedib-getməməyim bu qarşılaşmalardan sonra bilinəcək. Amma yəqin ki, nəyisə dəyişmək lazımdır. Çünki bir az yorulmuşam.

- Belə söz-söhbətlər var ki, "Keşlə" ilə müqavilən mövsümün sonunadək qüvvədədir. Bu səbəbdən, komandadan ayrılmağın qarşılığında kompensasiya ödənməlidir...

- Yox. Müqaviləm mövsümün sonunadək deyil. Dekabrın 31-də klubdaxili anlaşmam başa çatır. Peşəkar Futbol Liqasına təqdim edilən müqavilədə isə müddət mövsümün sonunadək göstərilib. Klubdan məktubum var ki, 2018-ci il yanvarın 1-dən digər kluba keçməyimə rəhbərlik etiraz etmir. Bu sənədə görə rəhbərliyə öz təşəkkürümü bildirmişəm. Məktubu mənə pulsuz-parasız təqdim ediblər. Gedib-getməməyim sual altındadır. Amma hər şeyə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Ən azı ona görə ki, onlar bu komandanı ölməyə qoymadılar, yaşatdılar.

- "Neftçi" ilə müqavilə bağlamısan?

- Xeyr, hələ müqavilə yoxdur. Amma razılıq var, söhbət gedir, şərtlər müzakirə olunur. İnanıram ki, yaxın günlərdə buna son qoyulacaq. Ya müqavilə bağlanılacaq, ya da...

- Bəs "Keşlə"nin mövcud vəziyyətdən çıxış yolu necə olacaq?

- Düzü, həqiqətən də çətindir. Bizim durumda oynamaq bir qədər ağırdır. Hər şey pulla, imkanla bağlı deyil. Elə olur ki, insanda getmir. Bu zaman nəyisə dəyişmək lazımdır.

- Ola bilərmi ki, Zaur Svanadzenin haqsız yerə göndərilməsi və Ramiz Məmmədovun gəlişi futbolçulara təsir etsin?

- Svanadzenin gedişi ilə Məmmədovun gəlişində böyük problem olmadı. Hərə özünə görə baş məşqçidir. Hərənin öz strategiyası var. Onların futbolçulara yanaşmaları da fərqli idi. Deməzdim ki, problem baş məşqçi dəyişikliyi ilə bağlıdır. Sadəcə, futbolçularda belə bir hissiyyat var "Artıq tükənmişəm". 

Şəxsən mənim gücüm artıq tükənib, yorulmuşam, dəyişiklik istəyirəm. Həm də həyatımda yenilik olsun. Son 3 ildə "İnter"də çox əziyyət çəkdim. Burada olduğum 8 ilin 5 ilində xoşbəxt olmuşam. Xeyr, qalan 3 ildə bədbəxt olmamışam. Yaxşı təkliflərdən imtina etmişəm. Çünki "İnter"in mənim üçün önəmli komanda olduğunu, sıradan komanda olmadığını həmişə vurğulamışam. Zabratda doğulub böyüdüyümdən, gözümü açıb bu komandanın sələfi "Xəzər Universiteti"ni görmüşəm. Nə vaxtsa bu komandada oynamağı arzulamışam. Artıq 3 ildir bu komandanın kapitanıyam. Amma bu gün fikrim nəyisə dəyişməkdir ki, həyatımda hansısa irəliləyiş əldə edim.

- Hələ də formandakı "İnter"in loqosu "Keşlə" ilə əvəzlənməyib. "Keşlə" adını qəbul etmək istəmirsən?

- Mən rəhbərliyin qoyduğu qərara çıxacaq statusda deyiləm. Çünki bu, peşəkarlıqdan uzaq addım olardı. Məndə bu formalardan 2 dənədir: Birində "Keşlə", digərində "İnter" loqosudur. Bu gün elə alınıb ki, "İnter" loqolu formanı geyinmişəm. Amma əsl həqiqətdə də qəlbən "İnter"in futbolçusu olmuşam və bu ad qəlbimdə qalacaq. Bunu hamı bilir. Canlı yayımda da demişəm ki, "İnter"ə bağlıyam. Bu komanda mənim həyatımda bir çox dəyişikliyə səbəb olub. Bir çox şeyə nail olmağımda "İnter"in mənə böyük köməyi dəyib.

- Hamı "Neftçi"yə keçəcəyini gözləyir. Amma bir anda sürpriz dəyişiklik ola bilər?

- Hər şey ola bilər. Təklifdən asılıdır. Bir həftə gözləmək lazımdır. Azərbaycan Kubokunun oyunlarından sonra hansı komandaya keçəcəyim bəlli olacaq.

- "Qarabağ", "Zirə" və ya "Qəbələ"dən təklif var?

- Xeyr. Onlarla danışıq olmayıb. Təklif də gəlməyib. Amma hər şey ola bilər. Sabah başımıza nə gələcəyini bilmirik.

- Xarici klub variantı da ola bilər?

- Real danışmaq lazımdır. Hazırda 29 yaşım var. Bu yaşda xaricə getmək mənasızdır. Gedib kiməsə nəyisə sübut etmək üçün gecdir. Bu gün real təklifim varsa, 100 faiz yararlanmalıyam.       

Son xəbərlər

Orphus sistemi