​"Neftçi" Sloveniya yığmasının futbolçusunu transfer etmək istəyir

​"Neftçi" Sloveniya yığmasının futbolçusunu transfer etmək istəyir Siyahıda portuqaliyalı da var
Futbol
1 İyun , 2016 17:55
​Neftçi Sloveniya yığmasının futbolçusunu transfer etmək istəyir

Bakı. 1 iyun. REPORT.AZ/ Bakının "Neftçi" klubu Sloveniya yığmasının futbolçusunu transfer edə bilər. Bu barədə "Report"a klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov məlumat verib.

S.Qurbanov futbolçunun adını açıqlamasa da, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarovla onun oyunlarının videoyazılarını izlədiklərini və bəyəndikləri söyləyib. Üstəlik "ağ-qaralar" adı açıqlanmayan portuqaliyalı futbolçunu da heyətə cəlb etmək niyyətindədir: "Neftçi"nin yerli oyunçuları pis təsir bağışlamır və təcrübə toplayırlar. Onlara lazım olanı yanlarında təcrübəli, səviyyəli legionerin olmasıdır. Belə olanda gənclər də baxır, öyrənir və daha yaxşı çıxış edirlər. Avropa Liqasında uğurla çıxış etmək üçün 3-4 səviyyəli futbolçu gətirməliyik".

Veteran futbolçu komandadan ayrılan dayaq yarımmüdafiəçisi Erik Ramosun, eləcə də qapıçı mövqeyinə də axtarışların davam etdirildiyini söyləyib: "Ramosun da yerində təcrübəli oyunçu olmalıdır. Qapıçımız Aqil Məmmədov yaxşıdır. Ancaq ona nəsə olsa, çətin olacaq. Bu səbəbdən, qapıçı mövqeyi də güclənsəydi, yaxşı olardı. Əsasən, hücum və müdafiənin mərkəzini gücləndirməliyik. Bu mövqelərə transferlər nəzərdə tutulub. İyunun 10-da toplaşıb, 4-5 gündən sonra Türkiyəyə yola düşəcəyik. Komandaya cəlb olunacaq futbolçuları da birbaşa təlim-məşq toplanışına dəvət edəcəyik".

Müşahidə Şurasının üzvü "Qarabağ"ın futbolçusu Qara Qarayevi "Neftçi"də görmək istədiyini açıqlayıb. O, 24 yaşlı yarımmüdafiəçidən razılığını ifadə edib: "Qara gənc olmasına baxmayaraq oturuşmuş futbolçudur. Onun oyununu çox bəyənirəm. Gəlsə, məmnuniyyətlə qəbul edərik. Amma hələ ki, bununla bağlı özünə və ya klubuna heç bir təklif göndərməmişik".

Qeyd edək ki, "Neftçi" klubu Avropa Liqasında I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 

Son xəbərlər

Orphus sistemi