"Neftçi" rəsmisi Avropa Liqasının oyunu ilə əlaqədar Makedoniyada səfərdə olan jurnalistlərlə görüşüb

"Neftçi" rəsmisi Avropa Liqasının oyunu ilə əlaqədar Makedoniyada səfərdə olan jurnalistlərlə görüşüb Elnur Məmmədov bugünkü qarşılaşmada komandanın hədəfləri barədə danışıb
Futbol
21 İyul , 2016 19:48
Neftçi rəsmisi Avropa Liqasının oyunu ilə əlaqədar Makedoniyada səfərdə olan jurnalistlərlə görüşüb

Skopye. 21 iyul. REPORT.AZ/ "Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov Makedoniya "Şkendiya"sı ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar Skopyeyə ezam olunmuş jurnalistlərlə görüşüb.

"Report"un məlumatına görə, görüş zamanı flaqman rəsmisi əvvəlcə bugünkü qarşılaşmada komandanın hədəfləri barədə danışıb. O, Makedoniyaya yalnız qələbə üçün gəldiklərini bildirib. Bununla yanaşı, E.Məmmədov rəqibin gücünü də göz önünə aldıqlarını vurğulayıb. 

İcraçı direktor bildirib ki, "Şkendiya" normal büdcəyə, imkanlara və səviyyəli futbolçulara malikdir. Klub nümayəndəsi belə qənaətə gəlməsində vaxtilə "Neftçi"də çıxış etmiş İqor Mitreskinin rəqib haqqında dediklərinin az rol oynamadığını söyləyib.

Daha sonra söhbət "Neftçi"nin hazırkı durumu barədə gedib. Komandaya transferlərin gec edilməsi, heyətdə lider çatışmazlığı, hücum xəttindəki boşluqlar və digər problemlərlə bağlı müzakirələr aparılıb. İrad və təkliflərini səmimi qəbul edən icraçı direktor öz mövqeyini və arqumentlərini səsləndirib. O, konkret qapıçı mövqeyinə uzun müddətdir bir oyunçunu transfer etmək istədikləri halda, sonda gözlənilmədən mənfi cavab aldıqlarını söyləyib. E.Məmmədov ümumilikdə seleksiya işlərini məşqçi dəyişikliklərinin yubatdığını açıqlayaraq, gələcəkdə belə halların baş verməməsinə çalışacaqlarını dilə gətirib.

Lider çatışmazlığını etiraf edən klub rəsmisi hazırkı kapitan Araz Abdullayevin istedadı və oyunu ilə komanda yoldaşlarından fərqləndiyini vurğulayıb. Bununla yanaşı, E.Məmmədov uzun müddətdir komandada olan Abdullayevdən başqa lideri qazanmağın maddi və mənəvi cəhətdən çətin olduğunu söyləyib. O, bir çox klublar kimi yalnız dotasiya ilə işləməyi düşünmədiklərini, Avroliqada mərhələ keçməklə UEFA-dan gələn qazanca da göz dikdiklərini etiraf edib. Bu səbəbdən, icraçı direktor bütün mövqelərə transferlərdə ehtiyatlı davranmalarının gərəkliyindən söz açıb.

E.Məmmədov vurğulayıb ki, komandanın oyunu ilə yanaşı, infrastruktur məsələlərini düşünmək lazımdır. Məhz bu amili nəzərə alaraq, klub rəsmisi Bakıxanov qəsəbəsində təlim-məşq bazasının ərsəyə gəlməsini sürətləndirdiklərini söyləyib.

Yekunda "Neftçi" rəsmisi jurnalistlərin fikirlərini dinləməkdən məmnun olduğunu və belə görüşlərin tez-tez təşkilinə zərurət duyduğunu deyib.

Xatırladaq ki, "Şkendiya" - "Neftçi" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi