"Neftçi"nin vitse-prezidenti azarkeşlərə müraciət edib

"Neftçi"nin vitse-prezidenti azarkeşlərə müraciət edib Elnur Eyvazov: "Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir"
Futbol
24 Oktyabr , 2017 11:15
Neftçinin vitse-prezidenti azarkeşlərə müraciət edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Kəpəz”lə oyun bizim üçün çox ağır keçdi. Yerli azarkeşlərin dəstəyindən ruhlanan meydan sahibləri komandamıza çox ciddi müqavimət göstərdi. Bununla belə, "Neftçi”nin turnir hədəfləri baxımından çox vacib sayılan qələbə qazana bildik”. 

“Report” xəbər verir ki, bunu “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Kəpəz” üzərində 1:0 hesablı qələbəni flaqmanın rəsmi saytına şərh edərkən deyib. E.Eyvazov “Neftçi”nin son 4 oyunu səfərdə keçirməsinə və bunlardan 3-də qalib gəlməsinə diqqət çəkib. O, komandanın azarkeş dəstəyinə ehtiyacı olduğunu söyləyib: “Komandamız təxminən 1,5 aylıq fasilədən sonra doğma arenaya qayıdacaq. Bildiyiniz kimi, son 4 oyunumuzu səfərdə keçirdik. Buna baxmayaraq, ardıcıl 3 oyunda qələbə qazanmışıq. "Sumqayıt”la oyunda qələbələrin davamının gəlməsini istəyirik. Bunun üçün azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ölkənin ən köklü klubunun azarkeşləri nəticələrdən asılı olmayaraq, hər zaman sevimli komandasının yanında olub. "Sumqayıt”la qarşılaşmada isə daha böyük dəstəyə ehtiyacımız var. Oktyabrın 29-u bazar gününə təsadüf etdiyindən azarkeşlərimizin oyuna gəlməsi yolunda heç bir ciddi problem yaşanmamalıdırlar". 

Klub rəsmisinin fikrincə, növbəti oyunda bütün ölkə möhtəşəm "Neftçi” azarkeşini görəcək. E.Eyvazov bunun üçün əllərindən gələn etməyə hazır olduqlarını söyləyib: "Futbolçularımız böyük azarkeş dəstəyi hiss edəndə istənilən rəqibi udmağa qadirdir. "Sumqayıt” son turda cari mövsümdə məğlub olmayan "Zirə”yə qalib gəldi. Ən azı bu məqam nə qədər çətin rəqiblə qarşılaşacağımızdan xəbər verir. Amma biz komandamıza və azarkeşlərimizə inanırıq. Artıq məzmunlu və baxımlı oyunumuz var. Son qələbələr futbolçuların psixoloji durumuna da müsbət təsir edir. Möhtəşəm azarkeşlərimizlə bütövləşib "Sumqayıt”la oyunda da qələbə seriyasına davam etmək istəyirik. Doğma divarlar arasında azarkeşlərlə bütövləşən "Neftçi” tam başqa - əsl "Neftçi”dir! Sonda bir daha dəyərli azarkeşlərimizə səslənirik: stadiona gəlin, "Neftçi”nin əsl gücünü, qüdrətini birlikdə göstərək”!

Qeyd edək ki, “Neftçi” hazırda 10 xalla 5-ci pillədə qərarlaşıb. "Sumqayıt"la oyun "Bakcell Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi